Menu

“Hava hücumları İŞİD-i darmadağın edib” - ABŞ səfiri

22.01.2015, 16:06
“Hava hücumları İŞİD-i darmadağın edib” - ABŞ səfiri

Bombardıman nəticəsində terrorçu qrupun rəhbərliyinin yarısı və 6 min silahlı məhv edilib

“Al Arabiya News” TV 22 yanvar buraxılışında ABŞ və müttəfiqlərinin İraq və Suriyada İŞİD-ə endirdiyi hava zərbələri ilə bağlı məlumat təqdim edib.

Həmin məlumatda iddia olunur ki, bu hücumlar nəticəsində İŞİD-in rəhbərliyində olan şəxslərin ən azı yarısı sıradan çıxarılıb. ABŞ-ın İraqdakı səfiri Stuart Cones cümə axşamı “Al Arabiya News”a açıqlamasında belə bir iddiada bulunub.

Səfir məmnunluqla qeyd edib ki, hava hücumları İŞİD-i “darmadağın” edib. Öncə isə rəsmi Bağdad Vaşinqtonu İŞİD-i məhv etmək üçün “kifayət qədər” iş görməməkdə suçlayırdı.

“Bizim hesablamalara görə, hava hücumları zamanı İŞİD-in 6 min döyüşçüsü məhv edilib”, - deyə ABŞ səfiri S.Cones qeyd edib.

ABŞ səfiri onu da vurğulayıb ki, hava hücumları zamanı İŞİD-ə məxsus minlərlə nəqliyyat növləri məhv edilib və bu sırada hərbi texnika da yer alır.

Statistik göstəricilərin o qədər də önəmli olmadığını dilə gətirən səfirin fikrincə, hava zərbələri İŞİD sıralarında dağılma prosesinin güclənməsinə təkan verib.

“Artıq İŞİD İraq daxilində öz döyüşçülərini müharibənin aparılması üçün zəruri olan hərbi yüklərlə təmin edə bilmir”, - səfir deyib.

Bu arada peşmərgələr isə bəyan ediblər ki, onlar çərşənbə günü İraqın 500 kvadratkilometrlik ərazisini İŞİD-dən təmizləyiblər. Ən əsası isə Mosulla Suriyada İŞİD-ın yerləşdiyi əsas şəhər olan Raqqa arasında yollar kəsilib.

Kürdlər İŞİD-ə quru hücumuna başlamamışdan öncə ABŞ və müttəfiqləri terrorçuların möhkəmləndiyi nöqtələrə havadan bombalar yağdırıblar. Məhz belə bir hazırlıqdan sonra peşmərgələr hücuma keçiblər. (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol