"Ən pis ssenaridə Rusiya prezidenti Vladimir Putin Riqa və Tallini bir günün içində zəbt edə bilər və Qərb bunun qarşısında heç nə edə bilməz". Bu fikri bir neçə ABŞ prezidentinin müşaviri Zbiqnev Bjezinski dilə gətirib.
Musavat.com Pravda.com.u.a-ya istinadla xəbər verir ki, sabiq müşavir bu mövzuda danışarkən deyib: "Bir gün o, Riqa və Tallini tutacaq və bundan ötrü ona cəmi bir gün lazım olacaq. Deyəcəyik, bu dəhşətlidir, şokedici və hiddətdoğurucudur, ancaq biz nüvə müharibəsi riski olmadan heç nə edə bilməyəcəyik".
Politoloqun fikrincə, Rusiyanın qəzəbini soyuda bilən yeganə amil NATO tərəfindən reaksiya olacağını bilməsidir.
"Tövsiyə edərdim ki, oraya bir az Amerika əsgəri yerləşdirilsin, bu Rusiya üçün müdaxilə təhlükəsi törətməz, ancaq Purin öz yolunda müqavimətlə qarşılaşar",- Bjezinski qeyd edib.
Bundan başqa, politoloq bildirib ki, Qərb Ukraynaya müdafiə səciyyəli silahlar verməlidir ki, Rusiyanın müdaxiləsi ona baha başa gəlsin.
Bununla belə, Bjezinski növbəti dəfə Ukraynanın NATO üzvlüyünə qarşı çıxıb. Onun fikrincə, bu, Rusiya ilə mövcud münaqişəni daha da kəskinləşdirərdi.


Şərhlər