Ötən gün saat 19:30 radələrində Azərbaycan-İran sərhəddinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verən silahlı insident zamanı həlak olan və xəsarət alan şəxslərin kimliyi məlum olub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, insident zamanı 37 yaşlı mayor Maqsud Nağıyev həlak olub. Digər hərbçilər 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.
Hadisə Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır. Hələlik hadisənin baş vermə səbəbləri, təfərrüatları haqda rəsmi açıqlama verilməyib.
Lakin Sərhəd Xidmətinin yüksək rütbəli zabitlərinin ölümü və yaralanması ilə nəticələnən hadisədə kifayət qədər müəmmalar var. Sərhədçilərə kimlər atəş açıb, ölən və yaralananların yüksək rütbəli zabitlər olması nə ilə bağlıdır və sairə bu kimi suallar açıq qalır. Əgər atışma, deyildiyi kimi, sərhəd pozucuları ilə sərhədçilər arasında olubsa, bu halda ölən və yaralananlar sıravi sərhədçilər olmalı deyildilərmi?
Bu sualların havadan asılı qaldığı bir vaxtda hərbi ekspert Üzeyir Cəfərli Lənkərandakı hadisə ilə bağlı sensasiyalı məlumat yayıb. Onun Facebook üzərindən yaydığı açıqlamada deyilir:

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti hadisə ilə bağlı hələlik yalnız bir kiçik açıqlama yayıb.
“01 dekabr 2013-cü il tarixdə saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş vermiş, bir nəfər hərbi qulluqçu həlak olmuş, iki nəfər isə yaralanmışdır.
Yaralılara ilkin tibbi yardım göstərilmiş, vəziyyətləri kafidir.
Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır”, deyə xidmətin dekabrın 1-də axşam saatlarında yaydığı məlumatda deyilir.
Rasim ƏLİYEV
AzPolitika.info


Şərhlər