Menu

"bp-Azərbaycan"da 255 işçi ixtisara düşdü: şirkət xüsusi bəyanat yaydı - Yenilənib

27.01.2015, 15:52
"bp-Azərbaycan"da 255 işçi ixtisara düşdü: şirkət xüsusi bəyanat yaydı - Yenilənib

"bp-Azərbaycan" şirkətində bəzi ixtisarlar aparılıb.

"Trend"-in sorğusuna cavab olaraq "bp-Azərbaycan"ın mətbuat xidmətindən bir daha bildiriblər ki, bp-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir. bp bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək.

Qeyd olunub ki, bu layihələr uğurla həyata keçirilir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək: "Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar əsasən əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii ki, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.

Bu tədbirlərin bir hissəsi olaraq biz təşkilatımızın quruluşunu nəzərdən keçirmişik və biznesimizin məzmununa uyğun olaraq təşkilatımızın yeni quruluşu daha yığcamdır. Bunun nəticəsi olaraq bəzi vəzifələr ixtisara salınıb. Bu həm yerli, həm də xarici vətəndaşların tutduğu vəzifələrə aiddir. Onu da bildirmək istərdik ki, bununla bağlı olan qərarlar şirkətin Davranış Kodeksi və Dəyərləri, həmçinin ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qəbul edilir”.

Məlumatda bildirilir ki, "bp-Azərbaycan"da 105 yerli, 150 xarici işçi ixtisar edilib.

* * * 

Mövcud bazar mühitində öz rəqabətqabiliyyətliliyini və səmərəliliyini saxlamaq məqsədilə BP şirkəti bir sıra cavab tədbirlərini nəzərdən keçirir.

Bu barədə "Trend"-in sorğusuna cavab olaraq "BP Azərbaycan"dan bildiriblər. Məlumata görə, belə tədbirlərdən biri də şirkətin bütün dünya üzrə işçilərinin illik əsasda maaşlarının nəzərdən keçirilməsi və müvafiq şəkildə artırılması prosesinin bu il üçün təxirə salınması qərarıdır. Başqa sözlə, şirkətin dünya üzrə işçilərinin 2015-ci il üçün əsas maaşlarının artırılması gözlənilmir: "Bu, bütövlüktə BP şirkətinə aiddir. Bununla belə dünyanın bir sıra yerlərində xüsusi hallarla bağlı bəzi istisnalar ola bilər. Azərbaycanda yerli işçilərin maaşlarının nisbətən artırılması üçün imkanlara baxılacaq və bunun üçün məhdud miqdarda büdcə də nəzərdə tutulub".

Bu arada xəbər yayılıb ki, “bp Azərbaycan” şirkətində kütləvi ixtisarlar başlayıb. İşdən çıxarılanlardan birinin virtualaz.org-a bildirdiyinə görə, ixtisar olunanların sayı yüzlərlədir.

Ancaq qurumun mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı virtualaz.org-a açıqlamasında bu xəbəri təkzib edib. O, həmçinin bildirib ki, bu məsələ ilə bağlı xüsusi açıqlama-bəyanatla çıxış edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol