Ukrayna Ali Radasının hökuməti istefaya göndərmək barədə qərar layihəsini rədd etməsindən sonra Kiyevdə insanlar yenidən Müstəqillik Meydanına axışmağa başlayıb.
APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, meydanda qurulmuş səhnədə çıxış edən müxalifətçilər bütün Ukraynanın total şəkildə səfərbər olaraq Kiyevin baş meydanına gəlməsi haqda çağırışlar edirlər: “Burada bir neçə milyon insan toplanmalıdır”.
Müxalifət liderlərindən biri, millətçi “Svoboda” Birliyinin lideri Oleq Tyaqnibok hökumət binalarının mühasirəsini davam etdirəcəklərini açıqlayıb.
Kiyevdə mitinqçilər prezidentin Bankovaya küçəsində yerləşən iqamətgahına bir neçə istiqamətdən yaxınlaşıblar.
APA-nın “RBK-Ukraina” saytına istinadən verdiyi məlumata görə, iqamətgaha aparan İnstitutskaya, Şelkoviçnaya küçələrini dolduran və nəqliyyatın hərəkətinin dayanmasına səbəb olan kütlə Lüteranskaya küçəsi istiqamətindən də iqamətgaha yaxınlaşıb. Mitinqçilərin sayı təxminən 50 min nəfərdir. Onların iqamətgahı qoruyan “Berkut” xüsusi təyinatlıları ilə arasında cəmi 50 metrlik məsafə var. Təxribatlara yol verməmək üçün fəallar kütlə ilə milislər arasında kordon yaradıblar.
“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk bildirib ki, prezident Viktor Yanukoviç hökuməti istefaya göndərərək növbədənkənar prezident və parlament seçkiləri elan edənə qədər prezident iqamətgahının qarşısında etiraz aksiyaları davam edəcək.
Xatırladq ki, Ukrayna parlamenti hökumətə etmiadsızlıq məsələsini müzakirə edib. Lakin hökuməti istefaya göndərmək üçün tələb olunan sayda səs toplanmayıb. Tələb olunan 226 səs müqabilində, Azarov hökumətinin istafasına 186 deputat səs verib.
Parlamentin iclasında baş nazir Azarov çıxış edib. O, Berkut xüsusi təyinatlılarının Maydanda mitinqi zorakılıqla dağıtmasına görə hökumət və prezident adından publik şəkildə üzr istəyib.
Müxalifət hökumətin istefaya göndərilməməsi ilə razılaşmaq niyyətində deyil. Maydanda mitinq keçirən müxalifət fəalları Prezident Administrasiyasının önündə piket keçirməyə çağırılıb. Bu məqsədlə Maydanda etirazçı dəstələr formalaşdırılır. Aksiyanın məqsədi prezident Yanukoviçi hökuməti istefaya göndərməyə məcbur etməkdir.
“Batkivşina” partiyasının lideri Yaçenyuk bəyan edib ki, onların vəzifəsi Administrasiyanın önündə dinc aksiya keçirmək və Yanukoviçdən hökuməti istefaya göndərmək, növbədənkənar parlament və prezident seçkiləri keçirilməsi haqda sərəncam imzalamağı tələb etməkdir.
“Biz hökumətə 3 həll yolu göstərdik, lakin hökumət onlardan heç birini qəbul etmədi. İndi siyasi böhranın həlli açarı Yanukoviçin əlindədir. O, bu dördüncü mexanizmi tətbiq etmək hüququna malikdir”, - deyə o, bildirib.
Yaçenyuk etirazçıları nizam-intizama əməl etməyə çağırıb.
O deyib ki, rəsmi mənbələr Yanukoviçin Çinə səfər etdiyi xəbərini versə də, prezident ölkədədir və Çinə dekabrın 4-də gedəcək.






Şərhlər