Tarif Şurasının qərarı ilə dekabrın 3-dən Azərbaycanda benzinin qiyməti qaldırılıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:

Bir litr benzin:

Aİ-80 və Aİ-92 markalı benzin - 55 qəpikdən 70 qəpiyə,

Aİ-95 markalı benzin - - 60 qəpikdən 80 qəpiyə,

Dizel yanacağı - - 45 qəpikdən 60 qəpiyə.

Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 2007-ci il yanvarın 1-də qaldırılmışdı. Adətən bunun ardınca ölkədə digər mallarda da bahalaşma müşahidə edilir.

Hökumət bu bahalaşmanı əsaslandırmaqda çətinlik çəkir. Daha doğrusu heç buna ehtiyac da görmür. Çünki ondan bu barədə hesabat tələb edən qüvvə də yoxdur.

Bu bahalaşmadan sonra isə Azərbaycanda yanacağın qiyməti neft ölkəsi olmayan bir çox ölkələrdəki qiymətə bərabər olub. Məsələn, hazırda nefti olmayan, Azərbaycanın rəsmi təbliğatının iddiasına inansaq, iqtisadi cəhətdən çökmüş Ermənistanda benzinin bir litri təxminən Azərbaycandakı qiymətədir 1.25 dollar. Azərbaycanda isə 1.2 dollardır. Halbuki, 1 litr benzinin maya dəyəri demək olar ki, heçnə dir.

İqtisadçı Natiq Cəfərlinin bir araşdırmasına nəzər yetirməklə, Azərbaycan hökumətinin yanacaq siyasətinin anti-xalq mahiyyətini açıq-aydın görmək olur.

N.Cəfərli Tarif Şurasının bahalaşma qərarından sonra yazırdı:

"1 barel neftdən, ortalama, 102 litr benzin, 30 litr dizel yanacağı, 6,8 litr mazut, 170 ədəd şam, 1 litr motor yağı istehsal olunur. Azərbaycanda ABƏŞ-də (xalq arasında Bp kimi tanınır) 1 barel neftin hasilatının maya dəyəri 5-6 dollar, SOCAR-da isə 9-12 dollar arasında dəyişir. Bir barel nefti emal etmək üçün, təqribən 3 dollar xərclənir. Yəni, Azərbaycanda istehsal olunan 1 barel neft (SOCAR), neftayırma zavodunun da xərclərini üzərinə gəldikdə, 12-15 dollara emal olunur. Daşınma xərclərini və vergiləri də üzərinə gəldikdə (satış vergilərindən başqa), bu rəqəm 14-16 dollar təşkil edir.

Bir ədəd şamım satış qiyməti 10 qəpikdir, 170 ədəd şam 17 manat edir, təqribən, 22 dollar. Yəni, hökumət daxildə emal olunan neftdən alınan şamlarla 1 barelin maya dəyərini, emal və daşınma xərclərini, vergilərini çıxardır. Yerdə qalanı ciblərinə axır, bəli, məhz ciblərinə, çünki ölkədə satılan benzinin heç də hamısı büdcəyə daxil olmur.

Bir sözlə, hökumət büdcədə olan problemləri qapatmaq üçün çox primitiv yol seçdi: cibimizə girdi, halbuki, büdcədə yaranan problemlərin yolu köklü islahatlardan, inhisarçılıq və korrupsiyanın ləğvindən, rəqabətli mühitin yaradılmağından, azad məhkəmə sistemindən keçir. Hökumət bu islahatlara qadir olmadığından bacarıqsız və qabiliyyətsizdir..."

Azərbaycanda yanacağın qiymətinin bahalaşmasından sonra AzadliqRadiosunun əməkdaşları dünya ölkələrində və ayrıca neft çıxan ölkələrdə benzinin hazırki qiymətlərini araşdıraraq cədvəl hazırlayıblar.

Həmin cədvəlləri təqdim edirik.