Müsavat başqanının həbsdəki müavini Yadigar Sadıqov yanvarın 31-də səhhətinin pisləşməsi ilə əlaqədar Penitensiar Xidmətin tibb müəssisəsinə köçürülüb. Ürək xəstəliyindən əziyyət çəkən başqan müavininin sağlamlığında ciddi problemlər yaranıb.
Bu barədə musavat.com-a Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah məlumat verib: “Yadigar bəylə bağlı son durum ürəkaçan deyil. Analizin nəticələrində məlum olub ki, Yadigar bəy bir müddət müalicə almalıdır. Tibb müəssisəsinə köçürüləndən danışmamışıq. Özü ilə danışandan sonra bu məsələ ilə bağlı münasibətimiz olacaq. Həbs müddəti istənilən halda onun səhhətinə ciddi təsir edir”.


Hüquq müdafiəçisi İntiqam Əliyevin fevralın 3-də növbəti məhkəmə prosesi keçiriləcək. Vəkil Elçin Sadıqov dedi ki, məhkəmədə sübutların tələb olunması ilə bağlı vəsatətləri olacaq.
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla yanvarın 30-da vəkili Elmar Süleymanov təcridxanada görüşüb: “İşlə bağlı bir yenilik yoxdur. İstintaqın nəticələrini gözləyirik”.

Həbsdəki daha bir jurnalist Pərviz Həşimli köçürüldüyü 13 saylı cəzaçəkmə müəssisəsində vəkili Bəhruz Bayramovla görüşüb: “Müəssisə rəhbərliyi və işçilərindən heç bir narazılığı yoxdur. Amma saxlandığı müəssisənin uzaq olması ailəsinin onunla görüşünə mane olur. Bununla bağlı hökm oxunmamışdan əvvəl Pərviz Həşimli aidiyyatı orqanlara müraciət edərək, münasib müəssisəyə köçürülməsini xahiş etmişdi. Amma təəssüf ki, əksi oldu. Ora gedib-gəlmək çox çətindir. O, həbsini qanunsuz sayır. Ali Məhkəmə, sonra da Avropa Məhkəməsinə müraciət edəcəyik. Əfvə düşəcəyi ilə bağlı ümidləri çox azdır”.


Şərhlər