Məhbəsdə ana olan Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev müvəkkilinə verilmiş bəraətdən danışıb.O, deyib ki, müvəkkili haqda həmin bəraət hökmünü Ali Məhkəmənin hakimi Hafiz Nəsibov verib: “Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. 2003-cü ildə onu qəsdən adam öldürmədə ittiham edib, 10 müddətinə azadlqıdan məhrum ediblər. 2-ci dəfə 2012-ci ildə Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə itiham elan olunub. Bu maddə ilə məhkəmə qarşısına çıxarılıb və 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Yəni Lamiyə Quliyevanın cəzası 15 il 6 aya çatdırılıb. Bundan 1 il sonra, 2013-cü ildə Lamiyə Quliyevaya növbəti – 3-cü dəfə ittiham verilib. Güya Lamiyə Quliyeva digər məhkumdan hədə-qorxu ilə pul tələb edib. O vaxt mənimlə Xətai Rayon Məhkəməsində Lamiyənin hüquqlarını müdafiə etmək üçün müqavilə bağlandı. Cinayət Məcəlləsinin 182-ci – hədə-qorxu ilə tələb etmə maddəsi ilə ilə cinayət işi başlamışdılar. İttihamın əsasını bir qadın məhkumun yalnız ifadəsi təşkil edirdi. Güya Lamiyə hədə-qorxu ilə ondan pul tələb edib. Əsassız, qondarma ittiham idi. İşə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxdı və bəraətverici əsaslarla hökm verdi. Lakin prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləgv edib, Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırdı. Ali Məhkəmədə hakim Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı. Bəli, bu işlə Lamiyə Quliyevaya bəraət ala bildik. Amma bu bəraət hökmü onun azadlığa çxmasına gətirib, çıxarmadı”.
Vəkil müvəkkili ilə görüş üçün Penitensiar Xidmətə 1 həftə əvvəl ünvanladığı məktuba hələ də cavab ala bilmədiyini də söylədi: “Lamiyə ilə görüşmək üçün Penitensiar Xidmət icazə verməlidir. Bir həftə əvvəl müraciət etmişəm, amma cavab verməyiblər. Cavab olan kimi onunla görüşə gedəcəyəm”.
Qeyd edək ki, azvision.az Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilməsi haqda xəbər yayıb.
Xəbərdə deyilir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib. Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib”.
Bu xəbər müəyyən anlaşılmazlıqlar yaradıb. Belə ki, bu xəbər güya L.Quliyeva bəraət hökmü ilə azadlığa qovuşması kimi qəbu edilib. Əslində isə bəraət hökmü L.Quliyevanın növbəti dəfə cəza müddətinin artırılmasının qarşısını alıb.


Şərhlər