“Bir neçə ay əvvəl oxuduğu məktəbin bir şagirdi də özünü asmışdı. Dedim ki, sən o uşağa necə baxırsan, o yaxşı edib özünü asıbmı. Dedi ki, pis baxıram, insanın özünə qəsd etməsi yaxşı hal deyil. Amma sonda mənim başıma bu zülmü gətirdi”.
Bunu müəmmalı intihar nəticəsində həyatla vidalaşan 16 yaşlı Əlinin atası Akif Məmmədov deyir.
Xatırladaq ki, fevralın 1-i, saat səhər 5 radələrində Kürdəxanı qəsəbəsi, meyvə tingliyi sovxozu, ev 58-də yaşayan 1999-cu il təvəllüdlü Məmmədov Əli Akif oğlu özünü evlırinin həyətindəki yardımçı tikilidə asaraq intihar edib.
Bu gün Kürdəxanıda mərhumun üç mərasimi idi. Müəmmalı şəkildə həyatına qəsd edən 16 yaşlı məktəblinin intiharı, ailəsi və dostları üçün bəlkə də heç vaxt cavabı tapılmayacaq suallarla yadda qalacaq. Kürdəxanı dəbdəbəli villaları ilə seçilən Bakı kəndləri sırasında olmasa da sadə, mehriban, zəhmətkeş əhalisi ilə fərqlənir. Sosial durumu yaxşı olmayan və ailəsini dolandırmaq üçün bazarda yükdaşıyan işləyən Akif Məmmədovun övladının hüzründə də bu həmrəyliyin şahidi olduq.
Onu da qeyd edək ki, qəsəbə sakinləri son iki ayda sayca ikinci məktəbli intiharı şokunu yaşayırlar. 2014-cü il, dekabrın 4-də 11-ci sinif şagirdi, 17 yaşlı Əliyev Ceyhun Zaur oğlu özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asmışdı. O vaxt Ceyhunun intiharının səbəbi sevdiyi qızla əlaqələndirilmişdi. Daha bir maraqlı məqam isə hər iki məktəblinin 113 saylı orta məktəbdə təhsil almalarıdır.

A.Məmmədovun sözlərinə görə, Əli qapalı uşaq idi, həmyaşıdlarından fərqlənirdi: “Çox sakit biri idi. Evə əmisi gələndə belə görüşüb öz otağına çəkilirdi. Nə qədər məcbur etsək də süfrədə bizlə oturmurdu. Bu uşaq məktəbə, bir də hazırlığa gedirdi. Kafe, çayxana kimi yerlər onluq deyildi. Təxminən 2 ay əvvəl bacısı ilə namaz qılmağa başlamışdı. Namaz qılmağa başlayanda mənə dedi ki, ata, getmişəm kəndin məscidinə, orada axundlarla, ağsaqqallarla namaz qılıram”.
Akif Məmmədov intihar günü övladında hər hansı bir gərginliyinin müşahidə etmədiyini də deyir: “Nəvəm xəstələnmişdi, Qara Qarayevdə xəstəxanada idi. Gecə mənə dedi ki, sabah ora getmək istəyirəm. Mən də dedim ki, sabah bir yerdə gedərik. Axşam danışdıq, dedik-güldük, balaca nəvəm var, onunla oynadıq, saat 12-də də getdi yatmağa. Namazdan qabaq durub bacısına deyib ki, mən çay içirəm, səhər səni durğuzacam, hələ tezdir. Hər gün telefonu “budilnikə” qoyurdu ki, namaz vaxtı dursun. Mən də oturub kinoya baxırdım. Təsadüfən divanda yuxulamışam. Əli də mənim yerimdə yatdığı üçün ondan xəbərim olmayıb. Gecə saat 4 olardı, durdum çölə çıxdım, gördüm ki, o tərəfdən nəsə səs gəlir, elə bil külək dəmiri harasa vurur, fikirləşdim ki, küləkdir, ola bilər də, həyəti hərləndim, heç nə görmədim. Amma səhər tezdən balamın asılmış meyitini gördüm”.
Bu yerdə göz yaşlarını saxlaya bilmir Akif kişi.
Özünü polis əməkdaşı kimi təqdim edən Əlinin əmisi oğlu reportyorumuza bildirdi ki, bu müəmmalı ölümün səbəbini hələ də anlaya bilmir: “İntihar günü işdən qaçıb gəldim evlərinə. Bütün evi axtarmağa başladım ki, bəlkə nəsə yazıb qoyar və ya məktub taparam, amma heç nə tapmadım. Özünə çox qapalı idi, ola bilsin nəsə problemi olub, heç kimlə bölüşə bilməyib. Amma bu, onun belə qəfil ölümünə bəraət qazandırmır. Hadisənin sevdiyi qız üstündə baş verməsi ehtimalı üzərində də dayandıq. Amma yazılan mesajlarda qarşı tərəflə hər hansı bir mübahisəni görmədik. Bir-biri ilə mədəni şəkildə sağollaşaraq yatıblar”.
Söhbətləşdiyimiz zaman Əlinin sinif yoldaşları və dostları da son günlər onda hər hansı bir dəyişiklik barədə bir söz demədilər. Onlar Əlinin tərbiyəli və özünəqapalı biri olduğunu bildirdilər...
Bütün bunlara baxmayaraq araşdırma gedir (lent.az).


Şərhlər