Menu

Almaniyadan Səlim Müslümova məktub - "...o da Sizədir"

09.02.2015, 21:23
Almaniyadan Səlim Müslümova məktub - "...o da Sizədir"

Almaniyanın Gera şəhərində yaşayan müharibə veteranı Yadigar Xanmuradov "AzPolitika.info" saytı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

"Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov cənablarına!

Möhtərəm nazir! Mən Almaniyada yaşayıram. Sizə üzləşdiyim bir problemlə bağlı müraciət etsəm, bu, şübhəsiz ki, təkcə Sizə yox, kimliyindən asılı olmayaraq bütün oxuculara qəribə və absurd görünəcək. Bilirəm ki, mənim üzləşdiyim problemin həll edilməsi heç də Sizin səlahiyyətinizə aid olan bir məsələ deyil. Məni Sizə müraciət etməyə vadar edən moderator.az saytında dərc olunmuş "Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi" məqaləsidir.

Möhtərəm nazir! Mötəbər mənbələrdən aldığım məlumata görə, tərəf olduğum 2(018)-1244/2014 saylı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli qərardadından verdiyim şikayət Astara Rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 395-ci maddəsində birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ müəyyən edilmişdir. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda (MPM-nin 395.1.1-ci maddəsi) və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (MPM-nin 395.1.2-ci maddəsi) şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinin məzmunundan isə birbaşa məlum olur ki, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilməsə də belə, işdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda onlara qarşı etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Möhtərəm nazir! Hüquqşünas Qurban Məmmədovun "Qoy bütün nazirlər, bütün məmurlar Səlim müəllimdən nümunə götürsünlər. Prezident İlham Əliyevə və Azərbaycanın bu həssas dönəmində dövlətçiliyimizə əsl xidmət nümunəsi elə budur" sözlərinə ümid bağlayaraq bu dəfə Sizə müraciət edirəm: Şirvan Apellyasiya Məhkəməsində öz hüquqlarımı müdafiə etmək üçün Astara Rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli qərardadının 13 fevral 2015-ci il tarixədək mənə çatdırılmasında bəlkə Siz kömək edəsiniz. Ümidlərimdən ancaq bircəciyi qalıb, o da Sizədir.

Öncədən minnətdaram.

Hörmətlə Yadigar Xanmuradov

Almaniya, Gera şəhəri

Müharibə veteranı"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol