Menu

Gürcüstanın azərbaycanlı gənclərindən Milli Şuraya dəstək

05.12.2013, 21:37
Gürcüstanın azərbaycanlı gənclərindən Milli Şuraya dəstək

“Rüstəm bəyə yaşının bu çağında Azərbaycan xalqının yanında olduğuna görə təşəkkürümü bildirdim"

Gürcüstanın azərbaycanlı gənclərinin qurduğu Böyük Birlik təşkilatının rəhbəri Asat Aliyev Milli Şuranın yeni sədri ilə telefonla danışıb. Bu barədə musavat.com Asat Aliyevin açıqlaması sayəsində xəbər tutub. Açıqlamada göstərilir ki, Böyük Birlik təşkilatının rəhbəri Cəmil Həsənlini Milli Şuranın sədri seçilməsi münasibəti ilə təbrik edib. O, deyib ki, Gürcüstan azərbaycanlıları Milli Şuranı dəstəkləyirlər: “Gürcüstan türkləri olaraq Azərbaycanda gedən ictimai-siyasi prosesləri yaxından izlədiyimizi və biganə olmadığımızı bildirdim. Azərbaycan hakimiyyətinin Gürcüstandakı oyunlarını ətraflı izah edərək, xüsusən də Nazim İbrahimovun rəhbərlik etdiyi Dövlət Diaspor Komitəsinin Gürcüstanda apardığı siyasətin artıq bizi çoxdandır ki, cana doydurduğunu söylədim”. Asat Aliyev Cəmil Həsənliyə deyib ki, Milli Şura üzvləri arasında Gürcüstan türklərinin sayının daha çox olmasını, konkret olaraq İsa Sadıqovun qurumun üzvlüyünə gətirilməsini arzu edir: “Cəmil bəy də bildirdi ki, İsa Sadıqov ömrünü mübarizədə keçirmiş adamdır və bizim ona həmişə hörmətimiz olub”.

Açıqlamada daha sonra bildirilir ki, Asat Aliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla da telefonla danışıb: “Rüstəm bəyə yaşının bu çağında Azərbaycan xalqının yanında olduğuna görə təşəkkürümü bildirdim. Rüstəm bəy isə Gürcüstan xalqının mübarizliyindən danışdı və mütləq Borçalılara salamını çatdırmağımı söylədi”. Mən də bu hər iki şəxsə Gürcüstan türkü olaraq bizi yaddan çıxarmadıqlarına görə təşəkkürümü bildirdim eyni zamanda istənilən dəstəyi Gürcüstandan verməyə hazır olduğumuzu qeyd etdim”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol