Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.
Avtomobildə 5 nəfər olub. Maşını sürücü idarə edib. Sürücüdən başqa maşında Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub.
Millət vəkili Sabir Rüstəmxanlı da qardaşı ilə bərabər yasdan qayıtsa da, başqa avtomobildə olub. Rüstəmxanlılar əmilərinin yas mərasimindən qayıdırmışlar.
Musavat.com-un əməkdaşı Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb. O, hadisənin necə baş verdiyini xatırlamadığını deyib: “Nə bilim? Oldu da, neyləyə bilərdim?”. Ş. Xuduoğlu həmçinin bildirib ki, qəza nəticəsində xəsarət alanlar hazırda təcili yardımla Bakıya gətirilir. Ş.Xuduoğlu öz durumunun çox pis olmadığını da vurğulayıb: “Vəziyyətim babatdır”.


Şərhlər