Çünki hökumət yəhudi problemini yəhudilərin iştirakı olmadan həll etmək istəyir
“The Associated Press”in Berlindən verdiyi xəbərdə deyilir ki, Almaniyanın müxtəlif yəhudi təşkilatları hökuməti tənqid ediblər. Məsələ ondadır ki, Almaniya hökuməti antisemitizmə qarşı mübarizə aparmaq üçün komissiya yaradıb. Ancaq həmin komissiyanın tərkibinə bir nəfər də yəhudi daxil edilməyib.
“Moses Mendelson” Mərkəzinin Avropa-Yəhudi Araşdırmaları bürosundan Yulius Şoeps bəyan edib ki, Almaniyanın Daxili İşlər Nazirliyi yəhudi alimlərdən və icma başçılarından heç kimi komissiyaya daxil etməyib. Və belə bir halda, onlar necə antisemitizmə qarşı mübarizə apara və Almaniyada yəhudilərin yaşamasına dəstək verə bilərlər?
Y.Şoeps deyib ki, onun rəhbərlik etdiyi mərkəz Amerika Yəhudi Komitəsi və Amadeu Antonio Fondu ilə birlikdə antisemitizm və irqçiliyə qarşı mübarizə aparmaq üçün yeni komissiya yaradacaq.
Almaniya Daxili İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi “The Associated Press”ə bildirib ki, ortaya çıxan konkret faktlarla bağlı Almaniyanın müxtəlif yəhudi mərkəzlərinə müraciət olunacaq və onların rəyi əsasında müəyyən qərarlar veriləcək.
Yəhudi təşkilatlarından biri isə Almaniya hökumətinin bu qərarına belə şərh edib: “Bu, ona bənzəyir ki, ölkədə müsəlmanların məsələsini, müsəlmanların heç bir nümayəndəsini dinləmədən həll etmək istəyirlər və ya qadınlarla bağlı problemləri, qadınlar olmadan yoluna qoymağa çalışırlar”. /musavat.com


Şərhlər