Vəkil Cavad Cavadov hökumətə rəylərini təqdim etmək üçün 1 ay vaxt verildiyini deyir
Avropa Məhkəməsi İntiqam Əliyevin Konvensiyanın 3-cü maddəsi ilə bağlı (işgəncələrin qadağan olunması ) şikayətinin kommunikasiyasına başlayıb və hökumətə 28 maya qədər öz qeydlərini təqdim etmək üçün vaxt verib. Bu barədə “Yeni Müsavat”a İntiqam Əliyevin vəkili Cavad Cavadov məlumat verib.
Vəkilin bildirdiyinə görə, şikayətə prioritet qaydada baxılır: “Bundan əvvəl 2014-cü ilin noyabr ayında Avropa Məhkəməsi İntiqam Əliyevin qanunsuz həbsi ilə bağlı 5-ci maddə ilə verilən şikayətə prioritet qaydada baxılmasına qərar verib və hökumətə rəylərini təqdim etmək üçün mart ayının 12-nə qədər vaxt verib”.
Xatırladaq ki, tanınmış hüquqşünas İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqla məşğul olma maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 23-dən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə İntiqam Əliyevin məhkəməsi başlayıb, hazırda məhkəmə prosesi davam edir.

Şərhlər