“ Al Jazeera“nin xəbərində deyilir ki, ən kiçik ərəb dövləti olan Bəhreyn Krallığının paytaxtı Manamanın küçələrinə çıxan yüzlərlə insan 4 il əvvəlki inqilabi hadisələrin ildönümünü qeyd edib.
Əsasən şiələrin iştirak etdiyi nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Nümayişçilər isə ölkəni idarə edən sünni azlığı və kralı təcili islahatlar keçirməyə çağırıb.
Mitinq iştirakçıları dekabrda həbs olunmuş əsas müxalif lider şeyx Əli Salmanın dərhal azad olunmasını tələb edirlər.
Pan-ərəb televiziyası bildirir ki, mitinqin təşkili üçün gənclər sosial şəbəkələrdə ciddi təbliğat aparıblar.
İctimai asayiş üzrə məsul olan general-mayor Tariq əl-Hassan xəbərdarlıq edib ki, etiraz aksiyasına qoşulmaq bəri başdan cinayət hesab olunacaq: “Belə fəallıqdan kənarda qalmaq lazımdır. Bu, təhlükəsizliyə və ictimai nizama ciddi problem yarada bilər”.
General mitinqə çıxanları terroru yaymaqda və stabilliyi pozmaqda günahlandırıb.
Manamada nüfuzlu insan hüquqları müdafiəçisi Nəcib Rəcəb bu yaxınlarda 2 illik həbsdən sonra azad edilib. O, “Al Jazeera”yə bildirib ki, yüzlərlə mitinq iştirakçısı həbs olunub, bir çoxları isə ciddi şəkildə polis tərəfindən yaralanıb.
“Hər 5 dəqiqədən bir polis mitinq iştirakçılarına atəş açır. Bir çox insanlar güllə yarası alıb, ancaq biz onları xəstəxanaya apara bilmirik. Qorxuruq ki, onları həbs etsinlər. Küçələrə minlərlə polis yeridilib. İlk dədə görürəm ki, mülki geyimdə olan silahlılar mitinq iştirakçılarına hücum edir”, Nəcib Rəcəb deyib.
Digər tərəf də mitinq iştirakçılarını zorakılıq törətməkdə suçlayıb. “The Associated Press” agentliyi bildirir ki, paytaxtın əsəsən şiələr yaşayan məhəllələrində gənclər fişənglərlə silahlanıb, “Molotov kokteyli”ndən istifadə edərək yolları bağlayıblar və polislə vuruşurlar.
Bəhreynin Səudiyyə tərəfindən müdafiə olunan sünni rejimi “Ərəb Baharı”nın bu ölkədən yan keçməsini təmin etdi. Ölkədə isə sünni rəhbərliklə şiə çoxluq arasında uçurum getdikcə dərinləşir.
Müxalifət tələb edir ki, ölkədə real konstitusiyalı monarxiya olsun. Baş nazir isə xalq tərəfindən seçilməlidir və o, hakim kral ailəsindən asılı olmamalıdır.
Ancaq Əl-Xəlifə sülaləsi müxalifətin bu tələbini rədd edir.
Müxalif lider şeyx Əli Salman kral sülaləsin iqtidardan devirməyə cəhddə suçlu bilinərək həbs olunub. Ölkənin əsas müxalifət partiyası “Əl-Vefaq” təqiblərlə üzləşib.
O da iddia olunur ki, Bəhreyndəki şiə hərəkatı özünü dünya şiələrinin əsas müdafiəçisi kimi təqdim edən İran tərəfindən dəstəklənir. /musavat.com


Şərhlər