Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində Lamiyə Quliyeva barəsindəki məhkəmə hökmündən prokurorluğun verdiyi protestə baxılıb. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər kollegiyası L.Quliyevanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və o, məhkəmə zalındaca azad edilib. Onun azad olunması xəbəri məhkəmə zalında toplaşmış insanlar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Misavat.com-un məlumatına görə,  L.Quliyeva məhkəmədə bildirib ki, psixoloji sarsıntılar keçirib, ona görə də başına bu qədər problem gəlib: "Başqa məhkumlara olan güzəştlər mənə tətbiq olunmadı. Mənə qarşı çox qəddar davranıblar.

L.Quliyeva deyib: “Onlar mənim səhv etməyimi gözləyirdilər. Təkcə anam gəlirdi yanıma. Qohumlarım gələndə, onlara hədə-qorxu gəlirdilər. Onları evləri, ailələrilə qorxudurdular. Məni orada həyata heç nə bağlamırdı. Ona görə də, övladımın olmasını planlaşdırdım”.

Məhkəmədə çıxış edən şikayətçi Aysel Ağayeva bildirib ki, Lamiyə Quliyevnı bağışlayır.

“Əvvəldən üzr istəsəydi, bu qədər problem olmazdı. Mən səni bağışlayıram”, - deyə Aysel Ağayeva bildirib.

Azad olunduqdan dərhal sonra Lamiyə Quliyeva media mənsublarına qısa müsahibə verib. Keçmiş məhkum deyib ki, ona və ailəsinə zülm edən Aslan Aslanovu Allaha tapşırır.

Lamiyə azadlığa çıxmasına səbəb olan hər kəsə təşəkkür edib:“Azad gəzmək, azad olmaq, azad övlad böyütmək çox gözəldir. Allah bütün dustaqlara azadlıq nəsib etsin. Təşəkkür edirəm bütün insanlara. İnsanlar çalışsınlar azadlığın qədrini bilsinlər. Mənə çətin vaxtımda bir böyük kimi əlimdən tutub kömək edən Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Daim mənə ata qayğısı göstərib, ağladığım vaxt mənimlə ağlayıb, güldüyüm vaxt isə gülüb. Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevə, Apelyasiya məhkəməsinin sədri Qədim Babayeva təşəkkür edirəm. Mən 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşmişəm".

O, 13 il həbsdə qalmasına görə Aslan Aslanovu ittiham edib: “Məni bu günə o salıb. Başıma bir çox işlər gəldi, cəza içində cəza aldım. Şükür ki, ədaləli insanlar sayəsində gec də olsa ədalət bərpa edildi. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Mən çalışacağam ki, ona gözəl tərbiyə verim. Həyatda üzləşdiyim zərbələri övladımın almamasına çalışacağam. Sakit bir həyat sürəcəyəm. Mən həyatla ölüm arasında mübarizə aparmaq üçün ana olmağa üstünlük verdim. Xahiş edirəm, cəmiyyət məni buna görə qınamasın. Mənim həbsdə olmağıma səbəb olan insanlar öz cəzalarını alacaqlar".

Uşağının atası ilə bağlı suala cavabında təkrar edib ki, Elnur Rəsulov adlı dustaqla münasibətdə olub. Lamiyə ilə canlı təmasda olmadıqları barədə Elnur Rüstəmovun dediklərini o, yalan adlandırıb.

Lamiyə Quliyeva bəzi media orqanlarında haqqında yazılanlar və deyilənlərə də münasibət bildirib. “Eynulla Fətullayev atamdan yazana qədər başıma gələnləri yazardı”, - deyə o bildirib. Onun anası isə əlavə edib ki, Mirşahin Ağayev ANS-də onu və qızını aşağılayıb.

L.Quliyeva bir müddət əvvəl ANŞ Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin onu və anasını təhqir etdiyini deyib.

Lamiyə Quliyevanın sözlərinə görə, həbsxanada olarkən Mirşahin Ağayev şəxsən ondan müsahibə almaq təklif edib. Amma məhz bu təhqiredici süjetin ANS kanalında yayımlanmasına görə, müsahibədən imtina edib.

Daha sonra o, onu qarşılayan şəxslərin müşayiəti ilə ata yurduna - Şəmkirə yola düşüb.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.

L.Quliyeva bir müddət əvvəl ana olub.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="5" ids="96388,96389,96390,96391,96385"]