Menu

BAHALAŞMA OYUNU: Sahibkarlar malları anbara qaytarır - FOTOLAR

22.02.2015, 13:12
BAHALAŞMA OYUNU: Sahibkarlar malları anbara qaytarır - FOTOLAR

Manatın düşməsi ilə müşahidə olunan qiymət artımı sahibkarları daha da həvəsləndirib.ANS PRESS-ə verdiyi məlumatına görə, sahibkarlar mağazaların rəflərindəki malları anbarlara daşıtdırırlar. Bu gün isə bəzi marketlər təmamilə bağlıdırlar. Bazarlıq etmək istəyən şəhər sakinləri ANS PRESS-in "qaynar xəttinə" müraciət edərək yaşadıqları evin yaxınlığında yerləşən marketlərin bağlı olduğunu bildirirlər. Bir qrup sakin isə, bəzi mağazaların ümumiyyətlə məhsul satışını dayandırdığını bildirir. Nə edəcəklərini bilməyən şəhər sakinləri gözləmək məcburiyyətində qaldıqlarını deyirlər.

Sözsüz ki, bütün bunlar dolların məzənnəsinin dəyişməsindən sonra malların yeni qiymətə satılması məqsədilə edilir. İri supermarketlərdə və topdan satış məntəqələrində satışlar suni şəkildə dayandırılıb. Fəaliyyətinə fasilə verən ticarət obyektləri hətta mağaza işçilərini belə içəri daxil olmasına imkan verməyib. İddia olunur ki, dollar və avronun bahalaşmasından sonra market və topdansatış məntəqələrində məhsulların qiymətləri yenidən müəyyənləşdirilir. Məhz bu səbəbdən ticarət obyektləri əllərindəki məhsulları indiki qiymətlərlə satmaq istəmirlər.

Yayılan məlumatlara görə, şəhərin bəzi məişət texnikaları satan mağazaları da qiyməti artırıblar. Artım 30 faiz civarındadır.

İqtisadiyyat və Sənaye Nazirliyindən dünən ANS PRESS-ə verilən açıqlamada bildirilib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlikdən əmin edirlər ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Lakin bu gün baş verənlər vəziyyətin nəzarətdən çıxdığını göstərir. İqtisadi inkişaf nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev zənglərimizə cavab vermədiyindən vəziyyətlə bağlı rəsmi tərəfin münasibətini öyrənə bilmədik.

Faiq Əli adlı vətəndaşdan sosial mediyada paylaşdığı statusu isə baş verənlərə bir sübutdur. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:"Bu gün bir hadisə ilə rastlaşdım. Belə ki, evə bazarlıq etmək niyyəti ilə Köhnə Günəşlidə yerləşən marketlərin birinə girdim. Əvvəl gördüyümə inanmadım. Rəflərdəki yerli və xarici malların işçilər tərəfindən arabalara təlaşla boşaldılmasını gördüm və özlüyümdə dollar kursunun qalxması ilə millətin qanını necə içəcəklərini güman etdim. Və qeyri-ixtiyari olaraq bu səhnəni video çəkilişini etdim. Üstündən 20 saniyə keçməmiş bütün rəhbər işçiləri qabağımda gördüm və məndən videoçəkilişin silinməsini tələb etdilər. Hamı bizi seyr edirdi. Böyük çəkişmə oldu. Çox qorxurdular. Hər halda istehlakçılara xəbər etmədən almaq istədiyin malı "satılmır” demələri çox murdar hərəkət idi. Uzun sürən söhbətdən sonra videonu sildim. Amma fotolar qaldı. Bundan sonra qiymətlərin necə olacağını təsəvvür etmirem. Sahibkarların bu vəziyyətdən belə istifadə etməkləri isə murdarlıqdır."

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol