Menu

Dollarla götürülən kreditlərin aqibəti necə olacaq?

24.02.2015, 02:19
Dollarla götürülən kreditlərin aqibəti necə olacaq?

Mülki Məcəllə vətəndaşın tərəfindədir, Mərkəzi Bank məcəllədə boşluq olduğunu bildirir, ekspertlərsə açıqlama tələb edirlər...

Mərkəzi Bankın manatı, dollar və avro daxil, bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşdırmasından sonra bütün bankların kredit ayırmağı dayandırdığı bildirilir. Həmçinin, bankların idarə heyətlərinin bu barədə müzakirə aparmaq üçün iclas keçirdikləri də vurğulanır. Nə vaxtdan kredit veriləcəyi isə hələ məlum deyil. Bildirilir ki, kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan banklar (“Accessbank”, “Amrahbank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank Standard”, “Dəmirbank”, “Xalq Bank”, “Muğanbank”, “Rabitəbank”, “Bank Technique”, “Unibank”) belə bir qərar veriblər. Banklar manatdan imtina etmələrini son günlər onun məzənnəsində yaranmış qeyri-müəyyən vəziyyətlə, daha dəqiq desək, milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər. Bununla belə, kredit təşkilatlarının bir qismi həm manatla, həm də ABŞ dolları ilə kredit ayırır. Bəzi banklar isə kreditləşmədə yalnız manatdan istifadə edir. Banklar arasında kredit verilməsini hər iki valyuta ilə dayandıranlar da var.

Manatın ucuzlaşması isə banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi məsələsini aktuallaşdırıb. Götürülən borcun kredit götürülən zaman mövcud olmuş məzənnə ilə, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə olunur. Ekspertlər bildirirlər ki, bu münasibətlər Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənir. Əgər müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə, yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmayıbsa, borc kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki, borc yeni məzənnə ilə icra edilməlidir.

Hüquqşünas Anar Qasımlı qanuna əsaslanaraq bildirir ki, Mülki Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Bu, o deməkdir ki, tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclu kredit müqaviləsi üzrə dollarla ödəməli olduğu kredit borcunu dolların bahalaşdığı gündən əvvəlki günün rəsmi məzənnəsi ilə manatla ödənilməlidir. “Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Bu halda kreditorla borclu razılığa gələrək öz aralarındakı müqaviləni dəyişmiş şəraitə uyğunlaşdırmalıdırlar”.

Onun sözlərinə görə, Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirməlidir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə isə, müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

Amma banklara müraciət edən şəxslərə bildirilir ki, indiki məzənnə ilə kredit borcunuzu qaytarmalısınız. “Qafqazinfo” bu problemlə bağlı Mərkəzi Bankın da mövqeyini öyrənib. Mərkəzi Bankdan da bildirilib ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Real olaraq dolların manata qarşı məzənnəsinə görə, kredit borcunuzu qaytarmalısınız. İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, qanunlara nəzarəti Konstitusiya Məhkəməsi həyata keçirir: “Yaxşı olardı ki, tezliklə yığışıb bu məsələyə şərh versinlər. Amma məntiqlə desək, müqavilələrdə “öhdəlik yaranan gün” ifadəsi işlədilir. “Öhdəlik yaranan gün” ifadəsi qrafik üzrə hansı günlərdə ödənişin edilməsi gün anlamına gəlir. Ona görə də, banklar məcbur edəcəklər ki, kimin dollarla krediti varsa, müqavilədə qeyd olunan “öhdəlik yaranan gün” ifadəsindən istifadə edərək hansı ayın ödənişini edəcəklərsə, həmin gün Mərkəzi Bankın rəsmi kursu nə olacaqsa, həmin borcla da dollar müqabilində manat qəbul edəcəklər. Bu isə istehlakçılara ciddi ziyan vuracaq. Təbii ki, bununla bağlı Mərkəzi Bank insanlara doğru-dürüst açıqlama verərək məsələni izah etməlidir. Əgər bu baş verməsə, heç olmasa Konstitusiya Məhkəməsi qanunun şərhini verməlidir. Hərə bir şərh versə, banklar öz xeyrinə yozacaqlar. Müştərilər burada ziyan çəkəcəklər. Məsələn, Rusiyada devalvasiyadan sonra Mərkəzi Bank və hökumət birgə uzunmüddətli komissiya qurdu. İnsanlara izah etdilər ki, dollarla götürdükləri kreditin aqibəti necə olacaq. Düzdür, orada da məsələ tam həll olunmadı. Amma ən azından insanlara açıqlama verdilər. Mərkəzi Bankın hansı yol tutacağını demək isə asan deyil. Çünki son zamanlar verilən qərarların məntiqini tapmaq çox çətindir”.(musava.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol