Menu

“Yeni Müsavat” Anar Məmmədovdan üzr istəyib? - Açıqlama

25.02.2015, 14:07
“Yeni Müsavat” Anar Məmmədovdan üzr istəyib? - Açıqlama

“Yeni Müsavat” qəzetinin bu günkü sayında Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yazılara görə təkzib məlumatı yayılıb.  

Təkzib xəbərində deyilir: ““Yeni Müsavat” qəzetinin 3 iyul 2010-cu il tarixli N168 (4484) saylı sayında “Azadlıq” qəzetinə istinadən “Fövqəlnazirlə nazir oğlu arasında ayı kababı söhbəti” başlığı, “Anar Məmmədov Kəmaləddin Heydərovun restoranındakı əyripəncəni 1 milyon manata kəsdirib kabab bişirtdirib”, “Yeni Müsavat” qəzetinin 21 iyul 2010-cu il tarixli N186 (4502) saylı sayında heç bir mənbəyə istinad etmədən “Prezident Ziya Məmmədovu danlayıb” başlığı və “Anar Məmmədovun ayı kababı yeməsinin və yaxta avtoşluğunun hesabı atasına ödətdirilir”; “Yeni Müsavat” qəzetinin 05 avqust 2010-cu il tarixli N201 (4517) saylı sayında heç bir mənbəyə istinadən “Anar Məmmədov ayını kimlərlə yeyib” başlığı və “Ölkəyə səs salan məclisdə Cavid Qurbanovla Arif Əsgərovun oğulları da olub”; “Məmur balalarının macərasının videosu ölkə rəhbərliyinə təqdim edilib”; “Yeni Müsavat” qəzetinin 14 sentyabr 2010-cu il tarixli N239 (4555) nömrəli sayında “Turan” informasiya agentliyinə istinadən “Şeyx Anar Məmmədovu Dubaydan qovub” başlığı və “Azərbaycanlı kişilərin Dubaya səfərinə qadağa qoyulmasına nazir övladının davranışı səbəb olub”, “Bürc Xələfdə müdhiş dava”; “Yeni Müsavat” qəzetinin 15 sentyabr 2010-cu il tarixli N240 (4556) sayında “Turan” informasiya agentliyinə istinadən “Anar Məmmədovun yaratdığı beynəlxalq qalmaqala reaksiya verilmir” başlığı və “Nəqliyyat nazirinin oğlunun ərköyünlükləri artıq dövlətə də problem yaradıb”; “Yeni Müsavat” qəzetinin 20 iyun 2011-ci il tarixli N161 (4820) nömrəli sayında “Nazir oğlunun bahalı avtomobili ölkəyə buraxılmadı” başlığı və “1 milyon dollarlıq maşından dünyada cəmi üçcədənədir” adlı məqalələrdə Anar Ziya oğlu Məmmədovla bağlı bir sıra məlumatlar yayılmışdır.

Yeni Müsavat” qəzeti Azərbaycan Respublikası Məhkəmələrinin qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına görə üzr istəyir”.

* * *

Musavat.com saytı məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, “Yeni Müsavat” Anar Məmmədovdan üzr istəməyib, məhkəmənin qərarını icra edib:

"5 ildir ki, vəkilləri məhkəmə qaydasında “Anar Məmmədov ayı yeməyib” məzmunlu təkzib üçün qəzetimizlə savaşdaydı. Nəhayət, iki il davam edən gərgin müzakirələrdən sonra tərəflərin üstündə anlaşdıqları bir mətni “Yeni Müsavat”da yaymağa nail olublar.

“Təkzib” başlığı ilə verdiyimiz bu mətndə də göstərilir ki, “Yeni Müsavat” qəzeti bütün məhkəmə instansiyalarından keçən qərarı icra edir. Bunu icra etməmək artıq mümkünsüz hala gəlib. Və nə edək ki, bu ölkədə ədalətin gözü kordur, nazir oğlu ilə bir qəzetin məhkəmə çəkişməsində hakimlər, icraçılar - istisnasız olaraq hər kəs tərəf tutur. Həm də bu tərəf bizim iddiamıza görə, qanunçuluğun əks tərəfidir.

Qəzetimizin məcbur qalıb, 5 illik məhkəmə çəkişmələrindən, iki illik təkzib mətninin müzakirəsindən, bütün müqavimət limiti bitəndən sonrakı yaydığı təkzibi bu cürdür: “Yeni Müsavat” qəzeti Azərbaycan Respublikası məhkəmələrinin qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına görə üzr istəyir”.

Bizim nə yuxarıdakı mətndən, nə durumdan utanacaq heç nəyimiz yoxdur. Qəzetləri bu duruma düşürən məhkəmə sistemimiz utansın. Biz təkzibin məhz bu məzmunda olması üçün müxtəlif fasilələrlə, qarşı tərəflə iki il müzakirələr aparmışıq. Qarşı tərəf son günlərə qədər bu formulə ilə razı olmayıb. Kim səbəbini bilmək istəyirsə, böyük şriftlə verdiyimiz həmin mətni yenidən və diqqətlə oxusun...

Təkzib verən tərəfin bu mətn üçün bu qədər pul xərcləməsi, 5 ildən bəri belə bir materialı əldə etmək üçün israr göstərməsi ondan xəbər verir ki, bu məsələ onlar üçün nə qədər prinsipialmış. İndi onlar özlərini məqsədlərinə çatmış kimi hiss edirlər, ancaq unudurlar ki, söz ustaları ilə söz güləşdirənlər heç zaman udmurlar.

Artıq “Ayı işi” ilə bağlı hər şey arxada qalıb, məsələ bitib, məhkəmənin qərarı da icra edilib, tərəflər razılığa gəliblər. Ortada olan fakt isə bundan ibarətdir: "Yeni Müsavat“ Anar Məmmədovdan üzr istəməyib, Azərbaycan Respublikası adına bütün instansiya məhkəmələrinin verdiyi qərarı icra edib."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol