Mitinqçilər Kiyevin Azadlıq meydanından qovulmayacaq. Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko dekabrın 11-də belə bəyanat verib.
“Media forum” saytının məlumatına görə, Zaxarçenko hamının sakitləşməsini istəyib: “Meydandan heç bir qovulma olmayacaq. Heç kim vətəndaşların dinc aksiya hüququna toxunmur. Amma digər vətəndaşların hüquq və qanuni maraqlarına etinasız yanaşmaq da olmaz. Paytaxtın normal fəaliyyəti pozulmamalıdır. Şəhər nəqliyyatı, təcili yardım, xilasedicilər, kommunal işçilər fasiləsiz işləməlidir”.
Nazir aksiyaçıların bağladığı yolların dekabrın 11-də məhkəmə qərarına əsasən açıldığını bildirib: “Milisin vəzifəsi məhkəmə qərarının icrası – ictimai asayişin mühafizəsini təmin etməkdir. Mitinqçilər öz hərəkətləri ilə başqa vətəndaşların hüquqlarını pozur, ona görə də aksiya iştirakçılarını qanunun tələblərinə hörmət etməyə çağırıram”.
Son məlumata görə, milis qüvvələri Azadlıq meydanı ərazisini tərk edir. Meydanda 25 mindən çox aksiyaçının olduğu bildirilir.


Şərhlər