Menu

“Ombudsmanın hesabatını məqbul hesab etmək olmaz” – İlyas İsmayılov

06.03.2015, 16:25
“Ombudsmanın hesabatını məqbul hesab etmək olmaz” – İlyas İsmayılov

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentin bu günkü iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik hesabatı ilə bağlı mövqeyini açıqlayıb. AzPolitika.info partiyanın mətbuat xidmətinə istinadla həmin çıxışı təqdim edir:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən,  İnsan hüquqları üzrə müvəkkil vəzifəsi  Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir. Həmin qanunun 14-cü maddəsinin 2-ci (14.2) bəndinə əsasən, Müvəkkil illik məruzəsində insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəkməli və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verməlidir. Təəssüf ki, göstərilənlər həmişə olduğu kimi Müvəkkilin illik məruzələrində tam mənası ilə öz əksini tapmır. Ötən illərdəki məruzələrlə bu məruzə arasında çox az fərq müşahidə olunur.

Müvəkkil öz məruzələrində mahiyyət baxımından daha ciddi, məsuliyyət doğuran məsələlərə çox səthi toxunur, bəzən həmin məsələnin adını çəkməklə kifayətlənir. Məsələn, azadlıq hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, mülkiyyət hüququ, müraciət etmək hüququ, fikir azadlığı və s. kimi məsələlər məruzənin ana xəttini təşkil etməli və özündə konkret təklifləri ehtiva etməlidir. Ona görə ki, bu gün əsas etibarilə məmurlar tərəfindən vətəndaşların bu hüquqları kobud şəkildə pozulur və cəzasızlıq mühiti davam edir.

Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində azadlıq və şəxsi toxunulmazlıq hüququ aşağıdakı formada ifadə olunmuşdur:

- Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin  I və II bəndlərində azadlıq hüququ belə ifadə olunmuşdur:

- Hər kəsin azadlıq hüququ vardır.

  Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya  azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Müvəkkilin məruzəsində isə azadlıq hüququ dedikdə sanki şəxsiyyət vəsiqələrinin verilməsi başa düşülməlidir. Demək olar ki azadlıq hüququ adı altında yalnız şəxsiyyət vəsiqələrinin verilməsindən bəhs olunur. Bunu biz əvvəlki hesabatlarda  da bildirmişdik, təəssüf ki, indi də müşahidə edirik. Sanki Müvəkkil üçün müəyyən olunmuş bir proqram var, o proqramdan kənara çıxmaq olmaz.  Yaxşı olardı ki, Müvəkkil burada qanuni prosedura uyğun olmadan azadlıqdan məhrum edilmiş şəxslərdən və onların sonrakı taleyindən, qanunsuz həbslərin qarşısının alınması ilə  bağlı verdiyi təkliflərdən, qanunsuz həbsi həyata keçirən şəxslərin cəzalandırılmasından və nəhayət, əldə olunmuş nəticələrdən bəhs etsin. Axı hal-hazırda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı o qədər də ciddi problem yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ aşağıdakı formada ifadə olunur.

  1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
  2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab v erilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 

Məlumdur ki, demokrtaik cəmiyyətdə insan ali varlıq kimi dərk olunmalı və hər şeydən öndə olmalıdır. Şərəf və ləyaqətin müdafiəsi hüququ da insan hüquqlarının tərkib hissəsi kimi çıxış etdiyindən buna daha da ciddi yanaşmaq tələb olunur. Müvəkkilin məruzəsində isə təəssüf ki, belə ciddi yanaşma görünmür. Məruzədə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin qarşısının alınması ilə bağlı 1-2 cümləyə rast gəlinir, eyni zamanda 8-ci səhifənin 7-ci abzasında milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılmasından bəhs olunur və təklif verilir. Sual yaranır ki, il ərzində Müvəkkilə şərəf və ləyaqətin müdafiə olunması ilə bağlı hər hansı müraciət daxil olmayıb?  Hesabatda göstərilir ki, olub. Məsələn, səh. 9-da birinci abzasda göstərilir:

“Şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı daxil olmuş müraciətlərdə dövlət orqanlarının hakimiyyət səlahiyyətinə malik vəzifəli şəxsləri, eyni zamanda təhqiqat və istintaq orqanları, o cümlədən polis əməkdaşları tərəfindən saxlanılan və ya barəsində təhqiqat və ya istintaq aparılan şəxslərə qarşı kobud rəftar halları göstərilmişdir. Lakin həmin müraciətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı səlahiyyətli dövlət qurumlarına tapşırıqların nəticələrinə dair Müvəkkilə təqdim edilmiş cavablarda əsasən belə halların öz təsdiqini tapmadığı bildirilmişdir”.

       Bu fikirlərdən belə bir nəticə hasil olur ki, ölkədə ya heç kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququ pozulmamış, ya da pozulmuşsa  Müvəkkilə inamı olmadığı üçün müraciət edən olmamışdır. Müraciət edənlər də Hesabatda göstərildiyi kimi araşdırılmış və öz “təsdiqini tapmamışdır”. Maraqlı məntiqdir...

Daha sonra məruzədə Müvəkkilin keçirdiyi dəyirmi masalar və təlimlərdən də bəhs olunur. Bunları müsbət qiymətləndirmək olar, lakin qeyd etməliyik ki, Müvəkkil qeyri-hökumət təşkilatı deyil ki, vəzifələrinin əsasında təlim, dəyirmi masaların və seminarların təşkili dayansın, onun vəzifəsinin əsasında insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslərlə bağlı tədbirlərin görülməsi kimi məsələlər dayanmalıdır. Keçirilməsi planlaşdırılan dəyirmi masalar, seminarlar məhz bu yönümdə olmalıdır, ictimaiyyətə məlum olmalıdır ki, Ombudsman hüququ pozulmuş neçə vətəndaşın hüquqlarının bərpasına nail olub, bununla bağlı neçə məmurun cəzalandırılması haqqında vəsatətlə çıxış edib. Təəssüf ki, bunlar hesabatda səthi göstərilib, hər şey haqqında konkret deyil, ümumi danışılır. Çox yaxşı olardı ki, Müvəkkil fəaliyyəti prosesində iki məsələyə də diqqət yetirsin:

Birincisi, məhkumların reabilitasiyasına

Müşahidələrimizə əsasən, məhkumluğu ödənilmiş şəxslər sonrada cəmiyyətə uyğunlaşmaq istəsə də çox çətinlik çəkirlər, onların işlə təmin olunmasında, müxtəlif proseslərə qatılmasında maneələr yaradılır, təbii ki, bu da onların hüquqlarının pozulması ilə nəticələnir.

İkincisi, bölgələrə, kəndlərə marağı artırmaq lazımdır. Treninq və seminarlara daha çox bölgələrdə yaşayan insanların ehtiyacı var. Daha çox hüquqları pozulan da onlardır. Bu baxımdan bölgələrə diqqətin ayrılmasını çox vacib hesab edirəm.

Məruzədə elə fikirlər yer alıb ki, bunun Müvəkkillə bağlılığının olub-olmamasını ayırd etmək mümkün olmur. Məsələn, 36-cı səhifədə göstərilir:

1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi (Əvvala, nə milli hüquq sistemində, nəd də beynəlxalq hüquqda “əhali qrupları” anlayışı yoxdur. Beynəxalq hüquqda ayrıca bir bölüm var ki, o da əhali qrupları deyil sadəcə əhali adlanır).

Üçüncü abzasda göstərilir ki, dövlətin səyləri nəticəsində ötən dövrdə 46 min ailə və ya 240 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmış, 89 yeni yaşayış kompleksi salınmış, 145 məktəb inşa edilmiş, həmçinin 56 uşaq bağçası, 56 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksitikilib istifadəyə verilmişdir. Bu abzasdan göründüyü kimi Müvəkkil səlahiyyəti çərçivəsində görüləcək işlər barədə hesabat verməkdənsə tikinti işləri barədə hesabat verir.

Səh.19-da prokurorluq orqanları ilə əməkdaşlıqdan bəhs olunur.  Prokurorluq orqanları ilə bağlı 756 müraciətin daxil olduğu göstərilir. Bu bölümdə cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin basşlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandarılması, hətta prokurorluq orqanlarında belə cinayət işlərinin istintaqına səthi və qeyri-obyektiv yanaşma olmuş, lakin aradan qaldırılmışdır. Bu fikirlər kifayət qədər ciddi və düşündürücüdür. Bu qədər ciddi olan məsələlərə Müvəkkilin hesabatında səthi yanaşılmışdır. Necə ola bilər ki, istintaq qeyri-obyektiv aparılır, cinayət işinin başlanmasının əsassız rədd olunur, lakin heç kəs cəzalandırılmır, cəzalandırılıbsa nə üçün onlardan heç biri hesabatda öz əksini tapmayıb? Bir də bu fakt Baş Prokurorluq tərəfindən aşkarlanıbsa, Müvəkkilin məruzəsində niyə göstərilib, əksinə bu məsələ Müvəkkil tərəfindən Baş Prokurorluq qarşısında qaldırılıbsa o zaman bu aydın izah olunmalı idi. Məruzədə belə hallara çox rast gəlinir.

Dəfələrlə dediyim kimi, yenə də qeyd etmək məcburiyyətindəyəm ki, insan hüquqlarına kollektivin, toplunun hüquqları kimi yanaşmaq düzgün deyil. Nədənsə hər məruzədə insan hüquqları kollektivin hüquqları kimi göstərilir. İnsan hüquqları fərdi xarakter daşıyır və bu hüquqlar konkret olaraq hər bir fərdə şamil edilir. Ümumdünya İnsan hüquqları haqqında 1948-ci il Bəyannaməsinin 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında 1966-cı il Paktının 16-cı maddəsində də göstərilir ki, hər bir insan harda olursa-olsun hüquq subyekti kimi qəbul olunmaq (tanınmaq) hüququna malikdir. Və yaxud Mülki və Siyasi hüquqlar haqqında 1966-cı il Paktının 22-cı maddəsində göstərilir ki, hər bir insanın, cəmiyyətin bir üzvü kimi... ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququna malikdir. Bu maddələrdə göstərilən “hər bir insanın” ifadəsinin özü də təsdiq edir ki, insan hüquqları ayrı-ayrılıqda hər bir insana, fərdə aiddir, lakin məruzədə bunlar nəzərə alınmamış yenə də “uşaq hüquqlarının müdafiəsi”, “hərbi qulluqçuların hüquqlarının müdafiəsi”, “qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi”, “məhbusların hüquqlarının müdafiəsi” və s. kimi yarımbaşlıqlar məruzədə əks olunub.

Hesabata dair göstərilən iradlarım illərdi ki, təkrar olunur və müsbət istiqamətə doğru hər hansı ciddi dəyişiklik hiss edilmir. Hesabat müvafiq dövlət qurumları, ictimaiyyətin ayrı-ayrı nümayəndələri  tərəfindən oxunub, təhlil olunduğu üçün onun bu formada hazırlanmasını və hər il eyni şeylərin təkrar olunmasını məqbul hesab etmək olmaz.

Diqqətinizə görə minnətdaram!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol