Menu

Naxçıvan klanı neft mafiyası hesabatında

12.12.2013, 16:28
Naxçıvan klanı neft mafiyası hesabatında

«Anonim Azərbaycanda» daha hansı məqamlar var?

Bugünlərdə Azərbaycandakı neft mafiyası haqda səs-küylü hesabat hazırlayan “Global Witness” təşkilatı araşdırma apardığı təxminən bir il ərzində ölkəmizdə insan hüquqlarının vəziyyəti, siyasi hakimiyyətdə təmsil olunanlarla bağlı da məlumatlar toplayıb. 34 səhifəlik hesabatı nəzərdən keçirərkən bəlli olur ki, sənədi hazırlayanlar hakimiyyətdə təmsil olunan Naxçıvan klanı məsələsinə də ayrıca diqqət yetiriblər.

Hesabatda yazılıb ki, Heydər Əliyevin dövründən tutmuş, indiyədək Azərbaycanın siyasi və biznes həyatında çox böyük mövqe sahibi olan xeyli adam Naxçıvanda doğulub. Konkret olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun adları çəkilir: “Naxçıvan klanının Azərbaycanın siyasi həyatında çox böyük rolu var. Heydər Əliyevin dövründən başlayaraq, bu regiondan çıxan xeyli şəxs nazir, polis rəisi, zavod, fabrik, xəstəxana rəhbəri və akademik olub. Rövnəq Abdullayev və Kəmaləddin Heydərov bu şəbəkədə çox böyük rolu olan şəxslər sayılır. Onlar Əliyev ailəsinə yaxın adamlar kimi tanınır”.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın da qarşısında öhdəlik götürdüyü Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün əsas prinsipləri vətəndaş cəmiyyətinin müstəqil olması, sərbəst fəaliyyəti, şəffaflıq və hesabatlılıq, hər hansı problemlərin, o cümlədən çatışmazlıqların açıq şəkildə müzakirəsidir: “2008-ci ildən bəri Azərbaycanda çoxsaylı jurnalistlər saxta ittihamlarla həbs olunub. Bu ilin fevralında müxalif liderlərdən biri, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasına daxil olan Gəlirlərin Monitorinqi Institutunun Məsləhət Şurasının üzvü Ilqar Məmmədov bu ilin fevralında kütləvi ixtişaşlar təşkil etmə ittihamıyla həbs olunub. ”Amnesty International" ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu və bu həbsin siyasi motivli olduğunu bəyan edib.

“Human Rights Watch” və bir sıra başqa beynəlxalq təşkilatlar 2012 və 2013-cü illərdə öz hesabatlarında Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pis olduğunu göstəriblər".

“Global Witness” ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında yer almış məqamları da hazırlanan sənədə daxil edib. Yada salınır ki, ABŞ Dövlət Departamenti öz hesabatında Azərbaycanda insan hüquqları sahəsində əsas problemləri konkret sadalayıb. Hesabatda bu ölkədə insanların ifadə azadlığının məhdudlaşdırılması, vətəndaşların hədələnməsi, siyasi motivli həbslər, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı güc tətbiqindən bəhs olunur. Həmçinin qeyd edilir ki, ölkədə ədalətli məhkəmə sistemi yoxdur. Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir. Bundan başqa, hərbi hissələrdə, polis bölmələrində insanlara işgəncə verilir. Hətta bu işgəncələr bir sıra hallarda ölümlə nəticələnir. Insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qeydiyyatına maneə törədilməsi də sadalanan problemlər sırasındadır.

“Global Witness” əlavə edir ki, Azərbaycan hökuməti söz azadlığını məhdudlaşdırdığına, internetdə təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbuluna görə Avropa Ittifaqı tərəfindən də tənqid olunub. Avropa Şurasının insan hüquqları üzrə komissarı da bəyan edib ki, qanuna bu əlavə tənqidçi səslərin boğulmasına yönəlib.(azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol