Kazaklarla “LXR”-çilər yenə atışıb
“Mariupol üçün heç bir təhlükə yoxdur”. Bu sözləri Unian.net -ə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andrey Lısenko deyib. Müdafiə Nazirliyinin sözçüsü deyib ki, martın 9-da əsas döyüşlər Donetskin Şirokino qəsəbəsi ətrafında gedib: “Mövqe döyüşləri davam edir. Hələlik Ukrayna ordusu əraziyə nəzarət edir, heç bir mövqedən geri çəkilməmişik. Döyüşlərdə əsasən qranatamyotlardan, manamyotlardan və atıcı silahlardan istifadə olunur”.
Ukrayna Müdafiə Nazirliyinin martın 8-dən 9-na keçən gecə ilə bağlı açıqlamasında deyilir ki, Rusiya tərəfi atəşkəsi 40 dəfə pozub. Əsas döyüşlər Donetsk ətrafında gedib: “Rusiya Silahlı Qüvvələri son 3 gündə kəşfiyyat əməliyyatlarını artırıb”.
Ukrayna prezidenti Petro Poroşenko da Rusiyanın xüsusi xidmət orqanları Ukraynada sabitliyin pozulması üçün ciddi-cəhdlə çalışdığından danışıb: “Təkcə son 1 gündə Donetsk yaxınlığındakı kəndlərdə 10 pilotsuz uçaq görünüb. Məqsəd xarici təcavüzü daxildə sabitliyin pozulması fonunda gizlətməkdir”.


Ötən gün cəbhə bölgəsində separatçı qüvvələr arasında yenidən qarşıdurma yaranması haqqında da xəbərlər yayılıb. Silahlı münaqişə Luqanskda qondarma respublika tərəfdarları ilə kazak dəstələri arasında baş verib. Platov adına kazak polkuna tabe “Dremyovun bandası” adlanan dəstə qondarma respublikaçıların mövqelərinə hücum edib. Tərəflər arasından qarşıdurma vilayətin Antratsi və Staxanov şəhərlərinə nəzarətə görə başlayıb. Kazak Dremyov öz dəstəsinə əmr verib ki, respublikaçılar onların nəzarət etdikləri ərazilərə daxil olduqda güllələnsin. Qondarma respublika yaradan separatçılar isə Luqamskda nəzarəti tamamilə əldə etmək üçün kazak dəstələrinin ərazidən çıxmasını istəyir. Ukrayna qaynaqları yazır ki, tərəflər arasıdan danışıqlar heç bir nəticə vermir – kazaklar nəzarət etdikləri heç bir ərazini tərfk etmək fikrində olmadıqlarını bildirirlər.
Ukrayna Müdafiə Nazirliyinin cəbhədəki son durumla bağlı hesabatında Rusiyanın sərhədə qoşun yığması haqqında xəbərlər də var. Kəşfiyyat məlumatlarından bəlli olur ki, Rusiya əraziyə çox sayda canlı qüvvə və texnika gətirib. Donetks və Luqansk istiqamətlərində Rusiya Silahlı Qüvvələrinin kəşfiyyatı da geniş əməliyyatlar keçirib.
Ötən gecə Ukrayna ordusu itki verməyib, döyüşlərdə 4 hərbçi yaralanıb. Rusiya Silahlı Qüvvələri nəzarət etdikləri ərazidə ATƏT-in Monitorinq Qrupunun işləməsinə də imkan vermir. Ukrayna Müdafiə Nazirliyi bildirir ki, ötən gün müşahidə missiyası atəşkəsin 40 dəfə pozulması səbəbi ilə döyüş bölgəsində funksiyasını yerinə yetirə bilməyib.(musavat.com)


Şərhlər