"Prezidentimiz də onun namizdəliyə müraciətinə müsbət yanaşmadığını dedi"
Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının sədri Hakan Fidan AKP-dən namizədlik üçün müraciətini geri götürüb. Türkiyə mediasının məlumatına görə, bu gün axşam saatlarında H.Fidan namizədliklə bağlı müraciətini geri alıb.
Mətbuatın məlumatına görə, Fidan bu qərarı prezident və baş nazirlə müzakirələrdən sonra verib. Baş nazirin müavini və hökumət sözçüsü Bülənt Arınc mətbuat konfransında bildirib ki, Fidanın deputatlığa namizəd olmasına Ərdoğan isti yanaşmayıb: “Son günlərdə haqqında ən çox danışılan şəxs idi. Deputatlığa namizədlik üçün MİT rəhbəri postundan istefa vermişdi. Spontan olaraq sadəcə deputat olmaq üçün namizəd olubsa, bunun israf olduğunu qeyd etmişdim. Nazir olacağı təqdirdə bunun nə olacağının nəticələrini də təsvir etmişdim. Prezidentimiz də onun namizdəliyə müraciətinə müsbət yanaşmadığını dedi. Onun çox məlumata malik olduğunu zaman-zaman təkrar etdi. Bu gün hörmətli MİT müşaviri qərarından imtina etdiyini baş nazirə bəyan etdi və hər vəzifəni icra etməyə hazır olduğunu bildirdi. Yenidən MİT müşaviri vəzifəsinə təyin olundu. Yaxın zamanda yenidən vəzifəsinin icrasına başlayacaq”.
Qeyd edək ki, H.Fidanın yenidən MİT rəhbərliyinə təyin olunması ana müxalifət CHP-dən sərt təpkiylə qarşılanıb. CHP sədrinin müavini və partiya sözçüsü Haluk Koç yaydığı yazılı açıqlamada H.Fidanın yenidən köhnə vəzifəsinə təyin olunmasını qanunsuz adlandırıb. H.Koç bildirib ki, namizədlikdən geri çəkilmək Fidanın haqqı olsa da, bir partiyadan namizəd olması və partiya üzvlüyünə getməsindən sonra yenidən MİT rəhbəri olması qanunla mümkün deyil.


Şərhlər