ÇEÇENİN RUSİYA SEVGİSİ?.. - İslamçı Nemtsovu niyə öldürməliydi ki?

Qız qatili görməyib?

Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlindən bir müddət ötsə də hələlik ortalıqda ağılabatan bir versiya yoxdur. Hərçənd qətldən dərhal sonra səslənən fikirlər bir növ, «izləri Çeçenistana aparır» təsəvvürü yaradırdı. Gerçəkdən də qətlin hər-hansı canlı şahidi olmadığı bir vəziyyətdə belə fikirlərin məhz haradan qaynaqlandığı sualı ortaya çıxırdı ki, hələ də bu sual açıq qalır. Diqqətli oxucular xatırlayırlar ki, qətl anında Nemtsovun yanında olmuş məlum qız (ukraynalı model) jurnalistlərə ilk açıqlamasında demişdi ki, Borisi kürəyindən vurdular, amma mən qatilin üzünü görə bilmədim. O da məlumdur ki, qatil Nemtsova altı güllə atıb, onlardan dördü hədəfə dəyib. Son günlər həmin qız bir növ «yaddan çıxıb», bütün KİV-lər isə yanlız çeçen-qatil(lər)dən yazır. Bax bu, heç başa düşülən deyil. Nə üçün belə deyirəm?

Əvvəla, bu fikrə söykənirəm ki, əgər Nemtsovu gerçəkdən də kürəyindən vurublarsa və bu an ukraynalı qız onun yanında olubsa, o, atəş səsi eşidərkən, dərhal instinktiv olaraq atəş səsinə doğru çevrilməli, güllənin haradan atıldığına diqqət yetirməli idi. Amma qız açıqlamasında deyib ki, mən dərhal qartəmizləyən maşının sürücüsünə tərəf yüyürdüm və tetefonla polisə zəng vurdum. Göründüyü kimi heç ağılabatan deyil...

Üstəlik də gecənin o vaxtı Nemtsov kimi ciddi bir siyasi xadimin (özü də müxalif!) bir ukraynalı cavan qızla küçədə «başmaq seyri»nə çıxması xeyli maraqlı görsənir. Düşünmək üçün bütün nəzəri əsaslar var ki, sözügedən qız Borisi aldadıb, guya kiminləsə görüşə aparırmış! Qətldən dərhal sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qızın ictimaiyyətdən və KİV-lərdən tam təcrid edilməsi (naməlum mənzildə saxlanması) də bu versiyanı gücləndirir. Bu versiya işlək olmasaydı, düşünmək olardı ki, qız çox qorxub (və ya onu bərk qorxudublar) və bu səbəbdən də qatili görmədiyini deyir...

Kadırov lap «gül vurur»

İndi isə Nemtsovun qətlini heç biri əsas olmasa da, islamçılara (özü də radikal islamçılar!) bağlamaq cəhdləri ortadadır. Guya, qətldə şübhəli bilinib saxlanılan şəxslərdən biri - çeçen Zaur Dadayev Nemtsovu öldürdüyünü boynuna alıb! Avtomatik olaraq, hər kəsin gözləri qarşısında iri bir sual işarəsi boy verir - nə tez?!

Digər tərəfdən xeyli maraqlıdır ki, Zaur Dadayev Nemtsovu nə üçün öldürdüyü barədə hələlik (?) heç nə deməyib. Fəqət, bu barədə onun əvəzindən Çeçenistanın başçısı Ramzan Kadırov olduqca maraqlı fikir səsləndirib: “KİV-lər xəbər verir ki, Zaur məhkəmədə Nemtsovun qətlində iştirakını təsdiqləyib.  Zauru tanıyan hər kəs bilir ki, o, dinə dərindən inanan, dindar adamdır. Bütün müsəlmanlar kimi o da “Charlie Hebdo”nun hərəkətlərindən və dərc edilən karikaturalara verilən şərhlərdən sarsılmışdı. Əgər məhkəmə Dadayevin əməlini sübuta yetirəcəksə, deməli o ağır cinayətə yol verib”.

Belə çıxır ki, karikaturalarla bağlı Fransada yaşanmış son hadisələrdən sarsılan dindar (eyni zamanda, Çeçenistan DİN daxili qoşunlarının sayılan zabitlərindən biri!) Dadayev özünü yetirib Moskvaya və bütün acığını zavallı Nemtsovdan alıb! Göründüyü kimi çox səfeh versiyadır. Nə üçün belə deyirəm?

Əvvəla ona görə ki, Dadayev özü bu barədə hələlik konkret bir fikir söyləməyib. Belədə, məntiqi sual yaranır - Kadırov haradan bilib ki, Dadayev karikatura qalmaqalından nə dərəcədə sarsılıb və ya, ümumiyyətlə sarsılıbmı?

İkincisi, əgər gerçəkdən də karikatura qalmaqalı Kadırovun bu dindar zabitinin "çestinə" bərk toxunmuş olsaydı o, zavallı Nemtsovu yox, məsələn, Xodorkovskini öldürməli idi. Nədən ki, olaylardan dərhal sonra məhz Xodorkovski dünyanın bütün KİV-ni karikaturaları təkrar-təkrar dərc etməyə çağırmışdı. Hələ islam dinini və müsəlmanları (xüsusilə də Şimali Qafqaz müsəlmanlarını!) addımbaşı təhqir etməkdən bir növ, zövq alan Jirinovskini demirəm...

«Əsl partiot»un Rusiya sevgisi?..

Diqqətçəkəndir ki, Kadırov, məlum cinayəti boynuna götürmüş Dadayevi «əsl Rusiya patriotu» adlandırıb (APA) və Daxili Qoşunlarda xidməti boyu ən cəsur və mərd döyüşçülərdən biri olduğunu önə çəkib. APA-nın xəbərinə görə, istintaq da Dadayevin qətli dini motivlər əsasında törətdiyini iddia edir. Beləliklə, bu məsələdə rəsmi istintaqla Kadırovun fikirləri üst-üstə düşür! Belə məqamlarda müdriklər deyiblər ki, ağılsız dostun olunca, ağıllı düşmənin olsun. Diqqət yetirin - dünya KİV-lərinin əksəriyyəti xristian dinindən söhbət açarkən, «xristian şəfqəti»ni önə çəkdiyi halda, İslam barədə yazarkən hər zaman «islam radikalizmi», «islam terrorçuluğu», «islamofobiya» kimi epittetlərə geniş meydan verir, təmiz dünyəvi din olan İslamı insanların gözündən salmaq cəhdlərinə ara vermirlər. Bizim əldəqayırma islamçılar da belələrinə gen-bol material verirlər...

O biri tərəfdən, Kadırovun «əsl Rusiya patriortu»adlandırdığı bir çeçen zabitin bunca şiddətli Rusiya sevgisi heç başa düşülən deyil. Nədən ki, SSRİ-nin çöküşündən az sonra Çeçenistanın yaşamalı olduğu iki qanlı müharibə belə deməyə yetərincə əsas verir. Çeçen xalqının qəhrəman oğulları - İçkeriya Respublikasının ilk prezidenti, general Cövhər Dudayevi, İçkeriya ordusu baş qərargəh rəisi Aslan Məshədovu, çeçen müharibəsinin əfsanəsi Şamil Basayevi və on minlərlə mülki çeçeni qətlə yetirən məgər Rusiya ordusu deyilmi?! Məgər yaddaşlar bu qədər kütləşib?..

Tarixə ekskurs

Yaxşı xatırlayıram, birinci çeçen müharibəsindən sonra - 1997-ci ilin may ayında Rostova gedirdim (hələ SSRİ dövründən orada qohumlarım yaşayır). Avtobusla gedəsi oldum - ucuz başa gəlirdi. Yolumu Qroznıdan saldım. O vaxt İçkeriya ilə Rusiya arasında bəzi razılaşmalar olmuşdu və Qroznıdan Moskvaya qatar işləyirdi (Rostovdan keçməklə). Avtobusumuzda çoxlu azərbaycanlı, bir nəfər də çeçen qadın var idi. Bu xanım ticarətlə məşğul idi və Bakıdan Qroznıya hər cür mal-məhsul daşıyırda. O dövrdə İçkeriya Respublikası Rusiya ilə sərhədlərini bağlayıb, özü nəzarət altına aldığı üçün, Bakı çeçenlər üçün bir növ, yeganə həyat mənbəyinə çevrilmişdi...

İçkeriya sərhəd-keçid məntəqəsində bizi çeçen əsgərlər gülərüzlə salamladılar və formal pasportyoxlaması apardıqları üçün üzr istədilər. Bu, xeyli kövrəldici idi...

Qroznıya axşam çatdıq. Çeçen qadın avtobus sürücülərini və məni gecələmək üçün mənzilinə dəvət etdi. Çünki dağıdılmış şəhərdə mehmanxana filan qalmamışdı. Küçədə gecələmək isə hər qəribə həyatı ilə risk eləmək demək idi. Qadının həyat yoldaşı çox gözəl insan çıxdı - mühəndis idi. Yeniyetmə bir oğlu da var idi - adı Rəsul. Bizə çox zəngin bir süfrə açdılar. Qeyd edim ki, o zaman bu diyarda azərbaycanlılar fəxri məqamda idilər...

Şəhərin demək olar bütün kommunikasiyaları dağıdılmışdı və bu səbəbdən dolayı, Rəsulgilin mənzilində də su yox idi (qeyd edim ki, ailənin iki binada mənzili var idi). Suyu kənardan daşıyırdılar...

Səhər yeməyindən sonra Rəsulu mənə qoşdular ki, vağzala gedək və mən qatara bilet alım. Tez bir zamanda bilet aldım (bu marşrutla gedən çox az idi) - qatar axşam saat 17-də yola düşəcəkdi. Vaxt var idi deyə, Rəsuldan xahiş etdim ki, məni prezident sarayının xaraba qalmış yerinə aparsın. Getdik və... gördüklərimdən dəhşətə gəldim - saray əvəzinə gözlərim qarşısında çox iri bir kalafa (katlavan) peyda oldu! İlahi, bir vaxt doğrudanmı general Dudayev bu kalafa üzərində əzəmətlə boy vermiş sarayda otururmuş?!

Rəsul mənə dedi ki, Rusiya ordusu sarayı vakkum bombaları ilə vurub. Məqam olduğu üçün bu kalafanın yanındaca Rəsulla şəkil də çəkdirdik. Təəssüf ki, sonradan şəkli əldə edə bilmədim! Danışmışdıq ki, mən gedəri olduğum üçün, şəkli avtobus sürücüsü Bakıya aparacaq və şəhərdə görüşüb, şəkilləri ondan götürəcəyəm. Rostovda çox ləngidiyim səbəbindən, sürücü ilə əlaqəni itirdim...

İndi düşünürəm - çeçenin Rusiya sevgisi görəsən bu olaylardanmı qaynaqlanır?

Yazıqlar olsun...

«Şərəf» ordeni...

Dünən KİV-in yaydığı bir məlumatda xəbər verilirdi ki, Rusiya Federasiyasının (oxu - Rusiya imperiyasının!) prezidenti V.Putin bir neçə adamını «Şərəf» ordeni ilə təltif edib. Onların arasında Ramzan Kadırov da var. Görəsən hansı xidmətlərinə görə?

Rəsmi açıqlamada bildirilir ki, Kadırov məhz uzun müddət Rusiya dövlətinə məhsuldar və sədaqətlə xidmət etdiyinə görə təltif edilir. Başa düşdük - olsun. İçkeriyanı, onun müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanları unutmaq nə çətin iş imiş ki? Amma bir də var ki, tarix hər zaman təkrar olunur...

Rəsmi izah-əsaslandırma öz yerində, bu təltifin dilə gətirilməyən bir əsası da əzəmətlə boy verir - bir Azərbaycan filmində deyildiyi kimi, «Biz sizin üçün çalışırıq, siz də bizim üçün...»

Arif Aslan

AzPolitika.info

,

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar