Menu

ARDNŞ 1 milyard dollar borc alacaq

10.03.2015, 14:31
ARDNŞ 1 milyard dollar borc alacaq

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, SOCAR) növbəti avrobond emissiyasının həcmini müəyyən edib. “Marja”nın məlumatına görə “Moody's Investors Service”in internet saytında yerləşdirilən məlumatda bildirilir ki, şirkət 2015-ci ilin Mart ayının sonunda 1 milyard dollar məbləğində avrobondlar buraxmağı planlaşdırır.

Agentlik SOCAR-ın yeni avrobond buraxılışına “sabit” proqnozla Ba1” reytinqini verib.

Agentlik tərəfindən verilən “Ba1” reytinqi, ARDNŞ-in korporativ reytinqinə uyğundur.

“ARDNŞ cəlb edəcəyi vəsaiti mövcud borcların maliyyələşdirilməsinə, hasilat və emal əməliyyatlarına xərcləyəcək”,- məlumatda deyilir.

ARDNŞ-nin avroistiqrazlarının buraxılışı “Deutsche Bank” və “JP Morgan” tərəfindən təşkil olunacaqdır.

ARDNŞ bu ayın ortalarında “road-şou” keçirərək investorlarla danışıqlar aparmağa hazırlaşır.

Qeyd edək ki, ARDNŞ bundan əvvəl iki dəfə avrobondların buraxılışını həyata keçirib. ARDNŞ-in debüt avrobondlarının buraxılışı 2012-ci ilin Fevralında baş tutmuşdu. Həmin emissiyanın həcmi 500 milyon dollar idi və buraxılış 5.45 faiz illik gəlirliliklə yerləşdirilmişdi. İlk avrobondların ödəmə tarixi 9 Fevral 2017-ci ildə başa çatacaqdır.

ARDNŞ-nin ikinci dəfə 2013-cü ildə həyata keçirdiyi avrobond buraxılışının həcmi isə 1 milyard dollar idi. Avrobondlar illik 4.75 faiz gəlirliliklə 10 il müddətinə yerləşdirilmişdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol