RUSİYANIN İNFORMASİYA MÜHARİBƏSİ - "Azərbaycan cəbhəsi"

vladimir-putin-podpisal-zakon-o-bankrotstve-fizicheskih-lic_1Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin müvafiq fərmanla Rusiya vətəndaşı olan və olmayan bir qrup şəxsi müxtəlif orden və medallarla təltif edib. Onların sırasında Azərbaycan Respublikasının rəsmi şəxsləri də var. Belə ki, müvafiq sənədlə Rusiya prezidenti Azərbaycan Respulikası Milli Məclisinin sədri Oqtay Əsədovu və Azərbaycan Respublikası Prezidentnin ictimi-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu “Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri tövhəyə görə» «Dostluq» ordeni ilə təltif edib. Dünya diplomatiyasında geniş yer almış təcrübədir və bəzi nüansları nəzərə almasaq, buna ancaq sevinmək, laureatları təbrik etmək gərəkdir, amma...

Əmması xeyli qəlizdir və qəliz olduğu qədər də acı təcrübəyə söykənir. Azərbaycanın 20 il əvvəl, Ukraynanın isə indi yaşadığı faciəni - qana boyanmış separatizmi nəzərdə tuturam. Fikrimi əsaslandırmaq üçün konkret faktlara, proseslərə müraciət edəcəm. Amma əvvəlcə bu təltifin Azərbaycan siyasi müstəvisində doğurduğu nəticələrə diqqət yönəltmək istəyirəm.

Qeyd etmək istəyirəm ki, məsələyə yönəlik rəylər bir-birindən xeyli fərqlənir və təəssüf ki, yarımsçıqlığı ilə diqqəti cəlb edir, təkcə «Düşüncə mərkəzi»nin rəhbəri İsa Qəmbərin mövqeyindən başqa. Məsələn, Milli Şuranın sədri Cəmil Həsənli bu mükafatlandırmanı son illərdə rəsmi Bakının Rusiyaya yaxınlaşmasının «ordenləşmə mərhələsi» adlandırıb.

Vətəndan Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bir qədər fərqli və liberal mövqedən çıxış edərək, bu təcrübənin dünyada ölkələr arasında sülhün, əmin-amanlığın inkişafına xidmət naminə istifadə edildiyini bildirib. O, qeyd edib ki, bəzən belə mükafatların gələcəkdə ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxması istiqamətində «avans» olaraq verilməsi təcrübəsi də var: «Odur ki, bu mükafatlandırmaya şübhə ilə yanaşmaq doğru deyil və məmurların belə mükafatlandırılması onların hansısa «qara niyyətlər»ə xidmət edəcəyi şübhəsi yaratmamalıdır».

Siyasətçi Ərəstun Oruclu isə eyd edib ki, laureatlar həmişə Rusiyaya yönəlik loyal münasibətləri ilə seçiliblər. Məsələn siyasətçi deyib ki, O.Əsədov parlamentdə Qərbi, ABŞ-ı tənqid etdiyi halda, deputatların Rusiyanı tənqid etməsinə imkan verməyib: «Görünür, Rusiya prezidenti də bu xidməttləri nəzərə alıb...»

Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bu mükafatlandırmanı Rusiyanın Ramiz Mehdiyevdən sonrakı mərhələyə hazırlaşması kimi dəyərləndirib.

Gerçəkdən də məsələyə İsa Qəmbərin baxışı diqqəti çəkir və bu günlərdə Ukrayna Respublikasının informasiya siyasəti naziri Yuri Stetsin səsləndirdiyi orjinal fikirlə (haqqin.az saytı, «Oğurluğun miqyasını təsəvvür edə bilməzsiniz» başlıqlı müsahibə) üst-üstə düşür.

Fikrimi əsaslandırmaq üçün həmin müsahibənin bəzi epizodlarını hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm:

«- Siz razılaşırsınızmı ki, Ukrayna informasiya müharibəsində Rusiyaya uduzur və nəticədə ölkənizdə baş verənlərə yönəlik dünyada Rusiyayönlü baxışlar üstünlük təşkil edir?

- Problem ondadır ki, biz bu müharibəni hələ çoxdan - Krımın ilhaqından xeyli əvvəl uduzmağa başlamışdıq. Hələ 5 il bundan əvvəl Krımda 5 rusiyayönlü, cəmi 2 Ukrayana telekanalı yayımlanırdı. Üstəlik də tonlarla Rusiya makulaturası öz işini gördüyü halda, bu məkanda Ukrayna nəşrləri yox dərəcəsində idi. Bir sözlə, Rusiya çoxdan bizim ərazilərimizdə xüsusi informasiya əməliyyatları həyata keçirirdi ki, nəticələrini və səbəblərini dünya yalnız indi görməyə başladı.

- Bəs nə üçün Ukrayna hakimiyyəti, Kuçmadan tutmuş Viktor Yuşenkoya qədər, Rusiyanın belə xüsusi informasiya əməliyyatlarına mane olmurdu?

- Uzun müddət mən də bu suala cavab tapa bilmirdim. Ukrayna tarixinə ekskurs mənə kömək oldu. Müstəqil Ukraynanın ilk prezidenti Mixail Qruşevski hələ 1918-ci ildə «nə üçün Ukrayna ordusu yaradılmır?» sualına belə cavab vermişdi: «Ordu bizim nəyimizə lazımdır? Biz ki, heç kimə hücum etməyə hazırlaşmırıq...» cavabını vermişdi. Nəticə olaraq, Ukrayna dövlət müstəqilliyini itirdi.

Təəssüf ki, tarix təkrar olunur. Bu mənada, Ukraynanın bütün sabiq rəhbərləri belə mövqedən çıxış ediblər ki, biz heç kimə hücum etmək fikrində deyilik, üstəlik də RUSİYA İLƏ DOSTUQ (kursiv mənimdir - M.A.). Uyğun olaraq, heç kim əhəmiyyət vermirdi ki, ölkədə xüsusi informasiya əməliyyatları həyata keçirilir, Ukrayna vətəndaşlarının şüuruna necə təsirlər göstərilir. Nəticədə, Rusiya Krımı ilhaq elədi, Donbasda separatizm ocaqları alovlandırdı...»

Rusiya siyasət maşını hələ 20-25 il əvvəl Azərbaycanla da bu cür rəftar edib, uyğun siyasətini indi də davam etdirir. Paralellərə diqqət yetirək - 1917-20-ci illərdən sonrakı dövr ərzində Azərbaycan cəmiyyətinə beynəlmiləldən, xalqlar dostluğundan dərs keçən «ikibaşlı qartal», sonda Azərbaycanın tarixi ərazisi olan Qarabağı işğal edib, verdi ermənilərin sərəncamına! Ardınca da Minsk qrupu deyilən «təpəgöz»ü yaratdılar və işğalçı Rusiya da oldu burada həmsədr. Ötən müddət ərzində həmsədr olaraq, Rusiya bizə «dözün, tərpənməyin, məsələni hərbi yolla həll etmək mümkün deyil, kompromiss lazımdır və s.» deyərək, insanlarımızın zehniyyatını korlayır, cəmiyyətimizə bir «Rusiya xof»u aşılaryır!

İndi Ukraynada baş verən dəhşətli hadisələri izləyən Azərbaycan cəmiyyətinin başı üzərində də bir «rus kabusu» dolaşmaqdadır. Hər kəs qorxudan titrəyir, «odur eeey, rus gəlir, az qalıb» fikrinin təsiri altında özünə yer tapa bilmir! Maraqlıdır ki, Rusiya KİV-nin Azərbaycanda həyata keçirdiyi informasiya əməliyyatları fonunda yerli KİV-lər ya balıq kimi susur, ya da nala-mıxa vuraraq, mahiyyət etibarilə Rusiya KİV-nin yaydığı ziyankar-dağıdıcı materialları təkrar edirlər. Bu məsələdə Azərbaycan KİV-nin qeyri-peşəkarlığı da əhəmiyyətli rol oynayır, amma informasiya savaşında uduzmağımızın səbəbi təkcə bu deyil.

Ayrı-ayrı rəsmi və ya qeyri-rəsmi şəxslərin dilindən Azərbaycana yönəlik «dostluq, strateji tərəfdaşlıq və s.» səciyyəli «mahnı»lar səsləndirən Rusiya rəsmi siyasəti əslində, Azərbaycana bərabərhüquqlu tərəfdəş, mehriban qonşu, dost ölkə kimi baxmır və ölkəmizi özünün keçmiş müstəmləkəsi sayır. Fəqət, təbliğat elə qurulub ki, Moskvada kimsə Azərbaycana yönəlik xoş bir söz söyləyən kimi, sadəlövh insanlarımız az qalır ki, çırtıq çalıb oynasın! Çox ehtiyat edirəm ki, belə sadəlövhlüyümüzün, ifrat fəaliyyətsizliyimizin və qətiyyətsizliyimizin nəticəsi olaraq, Qarabağımızı de-yure də itirək!!! Nədən ki, Rusiya mahiyyət etibarilə, dost olmağı bacarmır, dostluğu anlamır. Heç təsadüfi deyil ki, bir müddət əvvəl V.Jirinovski ruslar (Rusiya) barədə xeyli ibrətamiz, o qədər də qan donduran bir fikir səsləndirmişdi: «Ruslar respublika kəlməsini anlamırlar, onlar imperiya sözünü bilirlər!»

Bir məqamı da önə çəkmək istəyirəm. Ölkəmizdə Rusiya təbliğatının tüğyan etməsi məsələsində rusiyayönlü «beşinci kolon» müstəsna rol oynayır. Hesab etmək olar ki, hansısa Azərbaycan məmuruna Rusiyanın orden-medalının verilməsi, mahiyyətcə elə «beşinci kolon»un sıralarının genişləndirilməsinə yönəldilmiş məkrli siyasətin tərkib hissəsindən başqa bir şey deyil.

«Beşinci kolon»la iş aparılması istiqamətində atılan addımlara konkret misal olaraq, son bir ildə Rusiyanın bir neçə siyasi xadiminin Azərbaycana təşrif buyurması və səfər çərçivəsində Azərbaycanın təhsil müəssisələrində rusi dilinin tədrisi məsələsinə xüsusi diqqət yetirməsi məqamlarını önə çəkmək olar. Məsələn, V.Jirinovski (RLDP sədri) ölkəmizə səfəri çərçivəsində təhsil müəssisələrimizdə rus dilinin geniş tədrisindən ağızdolusu danışdı.

Bir müddət sonra isə G.Züqanov (Rusiya kommunistlərinin lideri) Bakıya təşrif buyurdu və görüşləri zamanı «beşinci kolon»un nəyə qadir olması məsələsinə xüsusi diqqət yetirdi. Bakının orta məktəblərində olarkən uşaqların rus dilində danışmasından zövq alan rus kommunisti təəssüratını təxminən, belə ifadə etmişdi: «Məktəblərdə uşaqların rus dildində necə təmiz danışdıqlarının şahidi oldum. Bu, Azərbaycanda rus dilinə olan qayğı və hörmətin məntiqi nətisidir və s.»

Son olaraq, söhbətimi bir atalar məsəli ilə yekunlaşdırmaq istəyirəm: «İtlə yoldaş olaq, amma çomağımızı əldən qoymayaq!»

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar