Menu

MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - RƏSMİ

11.03.2015, 20:00
MTN-in həbs etdiyi QAT-çılara ağır ittiham - RƏSMİ

Onlar vətəndaşları Suriyaya aparmaqda təqsirləndirilir

Azərbaycan vətəndaşlarını Suriyada gedən döyüşlərə cəlb edən şəxslər tutulub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən birgə məlumatda qeyd olunur ki, respublikanın hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinə müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib. Aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb

olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.

Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Martın 10-da musavat.com Qarabağ Azadlıq Təşkilatına (QAT) istinadən təşkilatının iki üzvünün həbsi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, QAT sədri Akif Nağı həbslərin qanunsuzluğu ilə əlaqədar baş prokurora və daxili işlər nazirinə müraciət edib. Rəsmi məlumatda adı keçən Zülfüqar İbrahimov və Vüqar Əliyev QAT üzvləridir və onlar martın 10-u, səhər saatlarında saxlanılıb.

A.Nağı rəsmi müraciətində bildirib ki, təşkilat üzvlərinin təqsirinin olduğuna inanmır: “Tam məsuliyyətlə sizə bildirirəm ki, bu, qurama bir işdir, rayon səviyyəsində hansısa məmurun intriqası və qərəzindən başqa bir şey deyildir. Zülfüqar İbrahimov və Vüqar Əliyev nümunəvi, qanuna tabe olan vətəndaşlardır, heç bir qrupla əlaqələri yoxdur, heç vaxt heç bir yabançı və zərərli təbliğatla məşğul olmayıblar. Hesab edirik ki, bu yanlışlıq və ədalətsizlik dərhal aradan qaldırılmalıdır. Hansısa məmurun bu cür qərəzli hərəkəti hakimiyyətin imicinə də zərbə vurur, cəmiyyətdə, xüsusilə də cəbhəyanı ərazilərdə mənəvi-psixoloji duruma mənfi təsir göstərir”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol