Azərbaycan qazını Türkiyə üzərindən Avropa bazarına nəql etməyi hədəfləyən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin xarici əlaqlər şöbəsinin direktoru Maqsud Məmmədov, enerji şirkəti BP-nin yaxında mövcud problemlərini ortadan qaldıraraq boru xəttində səhmdar olacağını deyib.
TANAP layihəsində Azərbaycanın dövlət neft şirkəti ARDNŞ-in 58 faiz, Türkiyənin BOTAŞ şirkətinin isə 30 faiz payı var.
Monteneqroda keçirilən enerji sektoru zirvəsində Reutersa məlumat verən Maqsud Məmmədov, BP-nin bu layihədə istədiyi 12 faiz payı almasına dair danışıqların davam etdiyini bildirərək, “Razılaşma qalır. Bəzi texniki problemlər var, onları da tezliklə aradan qaldıracaq. Texniki baxımdan fikir ayrılıqları var, ancaq BP-nin (müqavilədən) çəkiləcəyini düşünmürəm” deyib.
Maqsud Məmmədov, 17 Martda təməli qoyulacaq layihədə tikintinin Aprel ayında başlayacağını və 2018-ci ilin sonunda tamamlanaraq Azərbaycan qazını Avropaya 2019-cu ildən nəqlinə başlanılmasının hədəfləndiyini deyib.
TANAP layihəsi Xəzər Dənizindəki Azərbaycanın Şah Dəniz II sahəsindən çıxan qazdan başlanğıcda ilik 16 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Şah Dəniz II yatağı BP-nin liderlik etdiyi bir konsorsium tərəfindən işlənilir.
Qeyd edək ki, BP-nin TANAP layihəsində 12% pay alması üçün ilkin razılaşma ötən ilin iyununda imzalanıb. BP payı ARDNŞ-dən alır.


Şərhlər