Proses bir şahidin ifadəsinin alınmaması səbəbilə təxirə salındı; hüquq müdafiəçisi AŞPA-nın nümayəndəsi ilə görüşüb
Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkəmə prosesi davam etdirildi. Eldar İsmayılovun sədrliyi ilə keçən prosesdə ittiham tərəfinin təqdim etdiyi şahidlər ifadə verdilər.
Proses başlamamışdan öncə Rəsul Cəfərov martın 3-də AŞPA-nın nümayəndəsi ilə görüşü barədə media nümayəndələrinə məlumat verdi: “Martın 3-də AŞPA-nın nümayəndəsi təcridxanaya gəlmişdi. Mənimlə görüşdü. Səhhətim, saxlanma şəraitimlə maraqlandı. Heç bir problemin olmadığını bildirdim. Əsas söhbətimiz mənə qarşı irəli sürülən ittihamlarla bağlı oldu. İttihamların qanunsuz olduğunu bildirdim. Bu barədə ciddi araşdırma aparılmasının vacibliyindən danışdım. Onu da qeyd etdim ki, son dövrlərdə həbs edilən əksər insanlara ağır maddələr irəli sürülüb. AŞPA-nın nümayəndəsi araşdırma aparılacağına söz verdi”.
Məhkəmədə ilk olaraq, “Caz” klubunun rəhbəri Ələsgərov Rüfət ifadə verdi: “R.Cəfərovu tanımıram. İstintaqda şahid kimi ifadə vermişəm. Bir tədbir barədə razılığımız olub. Mən olmayanda danışıqları administrator aparır. O, mənə dedi ki, bizdən tədbir keçirmək üçün yer istəyirlər. Xarici qonaqların olacağını da dedi. Mən razılaşdım. Çünki bu tipli tədbirlər biz də çox keçirilib. ABŞ səfirliyinin belə tədbiri olub. Özümüz də tez-tez şənliklər keçiririk. Aramızda müqavilə bağlanmayıb. Amma yer haqqı olaraq, 2500 manat pul almışam. İstintaqda mənə qəbz təqdim olundu. Administratorun imzası var. Əminəm ki, bizə ödəniləcək məbləğ eyni olub. Artıq məbləğ olmayıb”.
Şahidin ifadəsindən sonra ardıcıllıqla ona suallar verildi. Məhkəmədəki ifadəsi və suallara cavabları onun istintaqdakı ifadəsi ilə eynilik təşkil etdi.
Ardınca növbəti şahid Cavid Qurbanov dindirildi: “Rəsul bəyi yaxından tanıyıram. 5 ildən çoxdur dostluğumuz var. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. Düzgün ifadə vermişəm. Onunla seçki ilə bağlı layihə çərçivəsində işlərimiz olub. 2013-cü ilin yay aylarında layihəni hazırlamışıq. 1720 manat pul almışam. Aramızda müqavilə imzalanıb. Aldığım pulun qəbzi var. Başqa heç bir layihəsində iştirak etməmişəm. Hansı təşkilatın adından layihənin hazırlandığını xatırlamıram”.
Şahidin ifadəsinin bu yerində ziddiyyətli məqam ortaya çıxdı. Onun istintaqdakı ifadəsi elan olundu. Məlum oldu ki, istintaqda C.Qurbanov işlədikləri layihənin hansı təşkilatın adına olduğunu açıqlayıb. Bu “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyidir . Şahid yaranan ziddiyyətə belə aydınlıq gətirdi: “İfadəmin üstündən neçə ay keçib. Xatırlamaya bilərəm. İnsan Haqları Klubu qeydiyyatdan keçmədiyinə görə, layihə “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin adına idi”.
Digər şahid Pərviz Əzizovun ifadəsi dinlənildi: “R.Cəfərovu iş yoldaşım İsmayılın vasitəsilə tanımışam. Bir layihədə tərcüməçi qismində iştirak etmişəm. 6 ay işləmişəm. Xidməthaqqı olaraq, iki dəfə - 734 və 732 manat məbləğində pul almışam. İngilis dilindən tərcüməçi idim. Müqavilə üzrə düzgün pulumu almışam”.
Şahidə suallar verildi. İstintaqdakı ifadəsi ilə heç bir ziddiyyət ortaya çıxmadı.
Hakim yalnız bir şahidin - Rəşad Şirinovun ifadəsinin qaldığını bildirdi. Şahidin ölkədə olmadığını proses iştirakçılarının diqqətinə çatdırdı. R.Şirinovun yaşadığı ünvanın müəyyən olunub bildiriş göndəriləcəyini qeyd etdi. Eldar İsmayılov şahidin məhkəməyə gəlişinin mümkünsüz olacağı təqdirdə, istintaqdakı ifadəsinin elan olunacağını söylədi. Bunun əsasında dindirmə başa çatacaq.
Bir şahidin ifadəsinin alınmaması səbəbilə proses 31 mart saat 10:30-a təxirə salındı.
Məhkəmədən sonra vəkil Fariz Namazlı jurnalistlərin suallarını cavablandırdı: “3 şahid dindirildi. İttiham tərəfinin təqdim etdiyi şahidlər idi. Onlar təsdiq etdilər ki, verilən qəbzlər doğrudur. Göstərilən məbləğləri aldıqlarını təsdiqlədilər. Heç bir problemin olmadığını söylədilər. Yeganə bir şahid qalıb. O da Rəşad Şirinovdur. Hazırda o, şahid ölkədə olmadığına, məhkəmə məlumatsız olduğundan proses təxirə salındı. Hazırda R.Cəfərovun heç bir şikayəti yoxdur. Ekspertlərin və əlavə şahidlərin dindirilməsi ilə bağlı hazırlıq iclasında vəsatətlərimiz olub. Hələ də baxılmamış saxlanılıb. Səhhəti, saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur”.


Şərhlər