PUTİNİN AMBİSİYALARI RUSİYANI DAĞIDIR - Kapital axınının miqyası görünməz həddə qalxıb
“Nələrisə itirmək təhlükəsi ilə üzləşə biləcək rusiyalılar öz pullarını və qiymətli əşyalarını ölkə xaricinə çıxarırlar”
Boris Nemtsovun qətlindən sonra ölkədə yüksələn qorxu atmosferi, nələrisə itirmək təhlükəsi ilə üzləşə biləcək rusiyalıları öz pullarını və qiymətli əşyalarını ölkə xaricinə çıxarmağa vadar edir. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il üçün ölkədən çıxan kapital axınının həcmi 151,5 milyard dollar təşkil edib. Keçən il ölkədən axıb getmiş kapitalın miqdarı Rusiya Ümumi Daxili Məhsulunun (ÜDM) yeddidə bir hissəsinə ekvivalentdir. Bu barədə ABŞ-ın “Eurasia Net” onlayn qəzetinin “Rusiya: Kapital axınının miqyası görünməz həddə qalxıb” adlı məqaləsində bildirilir.
Müəllif qeyd edir ki, ümumiyyətlə 2014-cü il, Putinin XX əsrin son günündə ölkənin hakimiyyət sükanı arxasına keçdiyi vaxtdan indiyədək Rusiyanın yaşadığı ən ağır il olub. Kapital axınının aktivləşməsi Putin administrasiyasının vəziyyətini daha da mürəkkəbləşdirir. Beləki, 2013-cü ildə ölkədən axıb gedən kapitalın həcmi 61 milyard təşkil etmişdi və onda, Kreml bu səviyyəni kəskin kritik hədd adlandırmışdı. Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev isə əminliklə bildirmişdi ki, həmin göstərici 2014-cü ildə 30 milyard dolları keçməyəcək. Əlavə, A.Ulyukayev rublun dollara görə məzənnəsinin praktik olaraq dəyişməyəcəyini və iqtisadiyyatın isə 2,5% böyüyəcəyini bəyan etmişdi.
Kapital axını barəsindəki məlumatlar Rusiya cəmiyyətinin prezident Putinə münasibətindəki təəccüb doğuran ikili xarakterini açıq şəkildə nümayiş etdirir. Bir tərəfdən rəyi soruşulanlar - əsasən də söhbət Kremlin Ukraynaya qarşı yürütdüyü sərt xəttdən gedəndə - Putini və onun siyasətini dəstəklədiklərini ifadə edirlər. Eyni zamanda imkanlı insanların arasındakı həyacan və təlaşın yüksək səviyyəsi, ölkədən külli miqdarda pulun axmasına səbəb olmuşdur ki, bu da öz növbəsində rusiyalıların Putinin işınə necə qiymət verməklərinin daha dəqiq indikatorudur.
Hələlik isə Rusiya məmurları ölkədəki kapital axınının 2015-ci ildə azalması məsələsi üzərində proqnozlaşdırmalar aparırlar. Maliyyə naziri Anton Siluanov bu məsələ ilə əlaqədar olaraq, ”RİA-Novosti” agentliyinə deyib: ”Birinci rüb üçün kapital axınının 30 milyard dollar olacağını gözləyirik, bizim proqnozlaşdırdığımız kimi bu məbləğ illik hesabla 90-100 milyard təşkil etməlidir”. Rusiya İqtisadi İnkişaf Nazirliyi isə kapitalın xalis axınının proqnozunu 115 milyard dollara qədər yüksəldib. Amma Mərkəzi Bank daha pessimist mövqe nümayiş etdirərək bildirib ki, 2015-ci il üçün xalis kapital axını 118 milyard dollar təşkil edəcək.
Vaqif NƏSİBOV
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.