Menu

Ən yaxın adamlarından biri Putinin qəzəbinə gəlib

15.03.2015, 15:58
Ən yaxın adamlarından biri Putinin qəzəbinə gəlib

İyirmi ildən artıqdır Putinə yaxınlığı ilə tanınan İqor Seçin 2012-ci ildən Rusiyanın ən böyük neft şirkəti olan”Rosneft”-ə rəhbərlik edir. Lakin buna baxmayaraq, son dövrlər Seçin Rusiya lideri ilə yaxşı münasibətləri barədə öyünə bilməz. İqtisadi sanksiyalar və neftin qiymətinin aşağı düşməsi fonunda Seçin ilə Putin arasında gərginlik yaranıb.

Anonim mənbənin ”Bloomberg”-ə verdiyi məlumata görə, Putin “Rosneft” rəhbərinə daha çox tənqidi nöqteyi-nəzərdən yanaşmağa başlayıb və onun tutduğu vəzfədən uzaqlaşdırılması barəsində də söhbətlər dolaşır. Rusiya prezidenti ilə münasibətlərin soyuqlaşmasının başlıca səbəbi isə Seçinin qərarı ilə “TNK-BP” şirkətinin alınmasına xərclənən 55 milyard dollardır. Putinin fikrinə görə həmin bu sövdələşmə gözlənilənlərin əksinə olaraq, uğurlu alınmayıb. Bundan əlavə Seçin başqa səhvlərə də yol verib. Beləki, dekabr ayında “Rosneft” dövlətdən yüz milyardlarla rubl pul götürüb ki, bu da öz növbəsində milli valyutanın çökməsində mühüm rol oynayıb.

Fevralın 4-də “Rosneft”in rəhbəri ilə görüşən Rusiya prezidenti ondan soruşub: ”Əsl Seçin haradadır? Bəs dövlətin maraqları haradadır? Əlbəttə ki, şirkətin maraqları vacibdir, ancaq axı bütöv iqtisadiyyatın da maraqları var!”

“Rosneft” gün ərzində 4 milyon barel (dünya neft hasilatının 5%-i) neft hasil edir. Şirkətin investisiya səhmlərinin 70%-i Rusiya hökumətinə məxsusdur. Ancaq buna baxmayaraq həmin səhmlər lazımı qədər gəlir gətirməyib. Seçinin rəhbərlik etdiyi bu illər ərzində “Rosneft”in səhmlərinin qiyməti cəmi 4% artdığı halda, onun ən yaxın rəqibi sayılan “Lukoil” şirkətinin səhmləri 40%-ə kimi yüksəlib.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol