Menu

Abdulla Abdullayev “A.M.A.Y” -ı hotelə çevirmək istəyir

14.12.2013, 11:12
Abdulla Abdullayev “A.M.A.Y” -ı hotelə çevirmək istəyir

“A.M.A.Y”ın aylardır maaş ala bilməyən işçi personalı kütləvi şəkildə işdən çıxıb

Azərbaycanda ən böyük ticarət mərkəzlərindən biri olan “A.M.A.Y”da son günlər ciddi problemlər yaranıb. Ticarət mərkəzində icarəyə yer götürüb sahibkarlıqla məşğul olanlar obyektlərini bağlamaq məcburiyyətində qalıblar. Qeyd edək ki, ticarət mərkəzinin bir hissəsində söküntü işləri aparılır.

Elə buna görə də ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlarda “A.M.A.Y”ın söküləcəyi ilə bağlı fikir formalaşıb.

Ticarət mərəzində çalışan iş icraçıları isə “Yeni Müsavat”a açıqlamalarında ticarət mərkəzinin söküləcəyi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söylədilər. Onların sözlərinə görə, məlumat var ki, ticarət mərkəzinin bir hissəsi hotelə çevriləcək: “Söküntü aparılır. Amma təmir işləri ilə bağlı. Bir neçə mərtəbədə təmir işləri aparılacaq”.

Ən böyük ziyan isə ticarət mərkəzinin sahibi, iş adamı Abdulla Abdullayevə dəyib. İş adamı nəhəng ticarət mərkəzində sahibkarları saxlamaq üçün aylıq haqlarının azaldılması ilə bağlı göstəriş verib. Lakin onun bu addımı da ticarət mərkəzini iflasdan qurtara bilməyib. Ticarət mərkəzinin fəaliyyətinə çox ciddi ziyan dəyib. Aylardır maaş ala bilməyən işçi personalı da kütləvi şəkildə işdən çıxıb. Abdulla Abdullayev isə ticarət mərkəzini hotelə çevirmək üçün hökumətdən indiyə kimi icazə ala bilməyib. “A.M.A.Y”ın sahibi bununla bağlı ölkəmizdə keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində də hökumətə müraciət etmişdi. O zaman da iş adamına “yox” cavabı verilmişdi.

“A.M.A.Y”la bağlı yayılan digər məlumat isə ticarət mərkəzinin hərraca çıxarılmasıdır. Səbəb isə ticarət mərkəzinin sahibi A.Abdullayevin banklara olan külli miqdarda borcudur. İş adamı bu borcun bir qismini ticarət mərkəzinin bir hissəsini ofis kimi icarəyə verərək bağlayıb. Lakin o, sonda “A.M.A.Y”ı hərracla satmaq qərarına gəlib. (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol