Menu

Çağdaş siyasi lider və siyasi mübarizə

23.03.2015, 19:31
Çağdaş siyasi lider və siyasi mübarizə

Səxavət Əlisoy

Siyasi lider hər hansı bir təşkilatın və ya qrupun üzvü olaraq şəxsi keyfiyyətləri sayəsində siyasi proseslərdə aparıcı rol oynayan şəxsdir. Başqa sözlə, siyasi lider siyasi səhnədə baş rolun ifaçısıdır və o cəmiyyətin diqqətini özünə yönəldə bilir.

Siyasi lider:

1. Dərin ağıla və məntiqə, siyasi intuisiyaya sahib olmalı;

2. İntellekt sahiblərindən ibarət komanda formalaşdırmaq qabiliyyəti sərgiləməli;

3. Fövqəladə vəziyyətlərdə siyasi iradə ortaya qoymağı bacarmalı;

4. Cəmiyyətə sosial qrupların maraqlarına cavab verən aydın proqram təqdim etməli;

5. Rəhbər olduğu komandada əsla tərəf tutmamalı;

6. Bütün qərarların kollegial surətdə qəbulunu gerçəkləşdirməli;

7. Təşkilatçılıq istedadına, nitq qabiliyyətinə malik olmalı;

8. Populizmdən uzaq, mənəviyyata, səmimiyyətə və intellektə söykənən ardıcıl siyasi xətt yürütməli, yalan danışmamalı, sahib olduğu siyasi gücə adekvat hərəkət etməli;

9. Davranış, danışıq, qiyafət, gigiyenik və sair mədəniyyətlərə yiyələnməli;

10. Şəffaf maliyyə hesabatlarını nümayiş etdirməli.

Göründüyü kimi siyasi liderlik üçün mühüm şərtlər labüddür və bu şərtlərdən hər hansı birinə riayyət olunmadıqda təkcə siyasi liderin deyil, bütövlükdə siyasi təşkilatın nüfuzuna ciddi zərbə dəyir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara və onların liderlərinə diqqət yetirin və liderlərin yuxarıdakı şərtlərin yüzdə neçəsinə cavab vermədiyini özünüz müəyyən edin.

Kimsəyə sirr deyil ki, siyasi liderlərin çoxu rəhbəri olduğu siyasi quruma özünün şəxsi təsərrüffatı kimi baxır, təşkilatın taktika və strategiyasını təkbaşına müəyyən edir və hətta partiyalararası münasibətlər belə şəxsi münasibətlər fonunda qurulur.

Siyasi partiyalarda şəffaf maliyyə mühitinin olmamasında, avtoritarizmin formalaşmasında, saxtakarlığın və riyakarlığın çiçəklənməsində ən başlıca rolu siyasi lider oynayır.

Məhz belə liderlər üçün liderlik şərtləri heç bir əhəmiyyət kəsb etmir və elə o səbəbdəndir ki, cəmiyyətdə siyasi partiyaların nüfuzu gündən-günə azalmaqdadır.

Son 20 ildə müxalif partiyaların heç bir uğur əldə edə bilməməsində özünü əvəzolunmaz lider sayanların böyük günahı var.

Çağdaş siyasi lider yalnız hüquqi müstəvidə mübarizə aparmalıdır. Rəngli, rəngsiz bütün inqilabların millət və dövlət üçün nə qədər faciəli olduğunu isbatlaqmağa lüzum görmürəm.

Son beş ildə baş verən inqilablar nəticəsində nə qədər dövlətin viran qaldığından, milyonlarla insanın səfalət içində yaşadığından xəbəriniz var.

Bu gün nə Koroğlu və Babəkin qılıncı, nə Robin Qudun oxu, nə də Kalaşnikovun avtomat-pulemyotu ilə siyasi mübarizə aparmağın zamanı deyil.

Sivil dünya yalnız sivil siyasi mübarizəyə dəstək verir. Bu ən məqbul yoldur. Nədən ki, qanla hakimiyyətə gələnin bir gün də qanla hakiməyyətdən getməyi var...

Bu yol uzun bir yoldur və 70 il feodal düşüncəyə alışdırılmış hər hansı bir xalqın gerçək demokratiyaya qovuşması üçün uzun sürən mübarizə tələb olunur.

Bu mübarizə yarım əsr, lap belə bir əsr də davam edə bilər və sonda mütləq qələbə olur.

Əsas odur ki, mübarizənin önündə liderlik keyfiyyətlərinə malik liderlər dayansın.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol