Menu

Sevinc Babayevanı nə ilə zəhərləyiblər? -ARAŞDIRMA

16.12.2013, 18:49
Sevinc Babayevanı nə ilə zəhərləyiblər? -ARAŞDIRMA

Sabiq deputat Gülər Əhmədovanın məhkəmələrindən birində yenidən gündəmə çıxdı bu söhbət. Mərhum Sevinc Babayevanın bacısı yenə iddia etdi ki, onun bacısını sabiq deputat zəhərləyib. Hətta dediklərini sübut etmək üçün Dövlət Gömrük Xəstəxanasında Babayevanı müayinə edən Qalib adlı həkimin “bu zəhər insanı 6 ay sonra öldürür” sözlərini sitat gətirdi.

Yaxın günlərdə ölümündən bir il ötəcək S.Babayevanın ekspertiza nəticələri onun ürək ağrısından öldüyünü ortaya çıxarsa da, mövzu yenidən aktuallıq qazandı. Və təkcə Sevinc Babayevanın ailəsi üçün yox, hazırda hədəfdə olan siyasətçilər, jurnalistlər, bir sözlə, ictimai xadimlər üçün...

Bəs necə edək ki, zəhərlənməyək? Bu yolla gerçəkləşən bir sui-qəsdin qurbanı olmayaq?

Öz qaynını zəhərləmək istəyən prezident kim olub? Bugun.az yaranmış suallara cavab tapmaq üçün bununla bağlı “Yeni Müsavat”ın apardığı araşdırmanı təqdim edirik.

Siyasi qətl aləti

Məlumdur ki, dünyada gizli zəhərlənmə yolu ilə sui-qəsd halları daha çox siyasətdə özünü göstərib. KQB sistemində isə bu, çox geniş yayılmış üsul olub. Tarixi mənbələrə istinad etsək, məsələn, Stalin Trotskini dəfələrlə zəhərləmək cəhdləri edib. Əvəzində Trotskinin katibi və cangüdəni pnevmoniyaya oxşar qəribə xəstəlikdən qəfil vəfat ediblər. Stalin qurbanlarının əzabını görməyi sevən adam idi. O, zəhəri öz ailəsində də qaynı Pavel Alliluyevə qarşı işlətməkdən çəkinməyib. Onu tənbəki ilə zəhərləmişdilər.

Bolşevik dövləti emiqrasiya etmiş düşmənlərə qarşı işləyirdi. Xüsusi xidmət orqanları sosializmdə yaşamaq istəməyən keçmiş vətəndaşları xaricdə də rahat buraxmırdı. Kommunist zəhərinin əli qonşu dövlətlərin siyasi partiyalarına da çatırdı.

Qorbaçovun bir qədər buraxdığı buxovlardan sonra Yeltsinin zamanında da Rusiya əvvəlki üsullarından əl çəkməmişdi. Fəaliyyəti yenidən bərpa edilmiş gizli laboratoriya bu dəfə milli təhlükəsizlik adıyla işini görürdü. 2004-cü ildə Şimali Osetiyada, Beslanda götürülmüş girovlar məsələsini tədqiq edən jurnalist Anna Politovskaya az qala isti içkinin qurbanı olacaqdı.

Oliqarx Boris Berezovskinin zəhərlənməsi məsələsini tədqiq edən Aleksandr Litvinenko ölkədən qaçandan sonra kitabında gizli laboratoriyanın işindən danışırdı. O, açıq şəkildə Putini ittiham etdiyindən London otellərinin birində səhər çay içərkən zəhərləndi. Bunu bilərəkdən açıq-aydın etdilər ki, qalanlara görk olsun.

Anatoli Sobçakın da qəribə ölümündən danışırlar. Onun ölümünü tədqiq etməyib hər şeyi zəif ürəyinin üstünə atdılar. Əslində o, mehmanxana lampasına yaxılmış, qızdıqda zəhərli buxar verən toksindən dünyasını dəyişmişdi. Litvinenkonun işinin ən qızmar vaxtında İrlandiyadan ağır vəziyyətdə qayıdan Yeqor Qaydarın vəziyyətini həkimlər «Qeyri-qida zəhərlənməsi» kimi şərh etdilər.

Açıq sui-qəsdi gizli sui-qəsddən fərqləndirən detallar var...

Düşünülənin əksinə olaraq, tarixdəki bir çox sui-qəsdlər səsli-küylü olmayıb. Əsasən “səssizcə” həll edilib. Bu mənada sui-qəsd təkcə silahın köməyi ilə baş vermir. Hədəflərindəki insanları məhv etmək üçün min bir yolu inkişaf etdirən sui-qəsdçilər “gizli sui-qəsd” üsulu ilə bir çox siyasətçi, əsgər, alimin həyatına son veriblər.

Ancaq bu ölümlərin isbatı o qədər də asan olmadığı və çox vaxt üstü örtüldüyü üçün onun üzə çıxarılması qeyri-mümkünə çevrilir. Neyçün ki, normal görünən bir çox ölümün arxasında - Turgut Özal, Adnan Kahveci, Recep Yazıcıoğlu, Alparslan Türkeş - bəzi gizli qüvvələrin olması şübhəsi vardı.

Türkiyədə bu mövzu ilə bağlı ən maraqlı araşdırmanın müəllifi yazar Atilla Akardır. Onun “Gizli sui-qəsdlər - şübhəli ölümlər” adlı kitabında ört-basdır edilmiş qəza, intihar, xəstəlik, infarkt halları araşdırılıb. A.Akar bildirib ki, gizli sui-qəsdlə açıq sui-qəsdin bir-birindən xeyli fərqi var. Belə ki, birincisi məqsəd, ikincisi isə vasitə baxımından bu sui-qəsdlər fərqlənir. Açıq sui-qəsdlər hər kəsin bilməsi üçün və hamının gözü qarşısında həyata keçirilir. Adətən toplumda qarşıdurma, sensasiya, dəhşət və ya xaos yaratmaq üçün həyata keçirilir. Halbuki gizli sui-qəsdlər belə deyil: burada məqsəd hədəfdəki insanı yox etməkdən ibarətdir.

Açıq sui-qəsd zamanı tapança, tüfəng, bomba kimi hücumlardan istifadə olunduğu halda, gizli sui-qəsdlər zamanı zəhər, xəstəlik yaradan müxtəlif mikrob yükləmələri, intihar görüntüsü yaratmaq kimi metodlardan istifadə olunur. Əlbəttə, bunların özlərinə görə iz və dəlilləri olsa da, digərləri qədər bariz deyil və bu səbəbdən də asanlıqla ört-basdır edilir.

Ən “sivil” yol - infarkt keçirdəcək ürək dərmanları...

Müəllif öz kitabında gizli sui-qəsdin üsullarından da bəhs edib. Məlum olub ki, ildən-ilə bu metodlar daha da mükəmməlləşib və indi bu, az qala elm kimi formalaşıb. Hazırda bu mövzunu dərinliyinə qədər bilən toksikoloqlar, kimyagərlər, həkimlər, mühəndislər ixtisaslaşdırılıb. Nəticədə isə ağlınıza gələ biləcək hər şey gizli sui-qəsd vasitəsi ola bilər. Xüsusən də zəhərlər bu işdə əsas rolu oynayır. Keçək gizli üsullara:

- Qida və içkilərə zəhər qatmaq

- Zəhərli spreylər

- Zəhərli diş pastası

- Zəhərli diş çöpü

- Zəhərli kitab

- Zəhərli üzük

- Zəhərli stul

- Zəhərli ülgüc

- Zəhərli siqaret və ya qəlyan

- Zəhərli çətir

- Zəhərli əlcək, salfetka

- Qaz zəhərlənməsi

Bundan başqa infarkt keçirdəcək dərmanlar, insan sağlamlığına zərbə vuran mikrob kokteylləri, mikrodalğa və ya radioaktiv şualarla insanın fiziki varlığıl hədəfə alınır. Eləcə də intihar, maşın, motosiklet, təyyarə qəzası görüntüsü vermə üsulu da tətbiq oluna bilir. Burada Şahzadə Diananın avtomobil qəzasını da nümunə kimi yada salmaq olar.

Müəllif onu da yazıb ki, statistikaya görə, açıq sui-qəsdlər daha çoxdur. Xüsusən keçmiş dövrlərdə, saray daxili intriqalarda və iqtidar müharibələrində gizli sui-qəsdlər çox geniş yayılmışdı. Hər padşah və ya kral zəhərlənmə riski altında olub. O səbəbdən də yanlarında hər zaman yeməklərini öncədən dadan insanlar saxlayıblar. Hazırda da prezidentlərin şəxsi heyətlərində belə şəxslər var. Onlar prezidentlərə yemək təqdim etməzdən əvvəl onun dadına baxırlar.

Müəllifin kitabında antisovet yazıçısı Lev Rebetin 1957-ci ildə infarktdan ölməsi faktı da öz əksini tapıb. Müəllif yazıb ki, bu hadisədən bir neçə il sonra DTK-da onun ölümünü təşkil edən şəxs xaricə qaçıb və Rebetin üzünə zəhərli qaz fısqırdığını, bunun isə infarkta səbəb olduğunu etiraf edib.

138 günə insanın bütün orqanlarını sıradan çıxaran zəhər də varmış

Ritsin adlı zəhərlə zəhərlənən şəxs qrip və qızdırmadan əziyyət çəkir, bir neçə gündən sonra isə dünyasını dəyişir. Son dövrlərə qədər bu zəhərə çarə tapılmayıb. 1978-ci ildə Londonda dünyasını dəyişən dissident Georgi Markovun bu vasitə ilə aradan götürüldüyü deyilir. Onun bədəninə dayanacaqda avtobus gözlədiyi zaman “təsadüfən” ucunda zəhərli iynə olan çətir dəyir. Bir neçə saat sonra isə o, qızdırmadan dünyasını dəyişir.

Tetraetilqurğuş adlı zəhər mərkəzi əsəb sistemini sıradan çıxarır. Beyinə güclü təsir edən bu xoşətirli qazın cüzi miqdarı beynin funksiyasının pozulmasına səbəb olur. Bir müddət davam edən xəstəlik ölümlə nəticələnir.

Digər təhlükəli zəhər Poloniyum-210-du. Adətən nüvə araşdırmalarında istifadə edilən bu maddənin 7 pikoqramı (1 pikoqram - qramın trilyonda bir hissəsidir) insan üçün ölümcül doza sayılır. Zəhər 138 günə insanın bütün orqanlarını sıradan çıxarır. Bu zəhərin yaradıcısının qızı isə kapsulun sındığı laboratoriyada bir neçə saat işləyəndən sonra xərçəng xəstəliyinə tutulub.

Yuxuda ölümə gətirən zəhərlər də az deyil. Belə zəhərlər hələ orta əsrlərdən məlumdur. Zəhərlənən insan heç bir ağrı və narahatçılıq hiss etmir. Lakin yuxuya gedəndən bir müddət sonra ürəyi dayanır. Bu zəhərlərin əksəriyyətini sonradan orqanizmdə aşkar etmək mümkün olmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol