“Bu qanun məhkəmənin səlahiyyətinin icra hakimiyyəti tərəfindən mənimsənilməsinə gətirib çıxaracaq”
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentin dünən keçirilən iclasında “Anti-inhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsinin və “Reklam haqqında” Azərbaycan Respublikasının qanununun müzakirəsi zamanı çıxış edib. AzPolitika.info partiyanın mətbuat xidmətinə istinadla, həmin çıxışların mətnini təqdim edir:
- Biz hüquqi dövlət qurmaq niyyətimizi Konstitusiyamız vasitəsilə bütün dünyaya bəyan etmişik. Hüquqi dövlətin əsas və son məqsədi də qanunçuluğun təminatına, dövlətdə mümkün ola biləcək sui-istifadələrin, məmur özbaşınalıqlarının qarşısının alınmasına və nəticə etibarilə, vətəndaşların hüquq və azadlıqlarının həqiqi müdafiəsinə nail olmaqdır. Bu dövlətdə də hakimiyyətlə vətəndaşlar arasında, habelə vətəndaşların özləri arasında olan bütün mübahisələr ancaq və ancaq məhkəmədə araşdırılıb həll edilməlidir. Lakin bu gün müzakirəyə çıxarılan “Anti-inhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi, yumşaq desək, təəccüb və təəssüf doğurur. Belə ki, bu qanunun 18-ci maddəsinin qüvvədə olan redaksiyasında qeyd olunur ki, “Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə və ya qismən ödədikdə müvafiq icra hakimiyyəti orqanı cərimənin, həmçinin hər gecikdirilmiş günə görə cərimənin ümumi məbləğinin, yaxud ödənilməmiş hissəsinin 1%-i məbləğində müamilənin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər”. Tamamilə doğru mövqedir. Lakin qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutan yuxarıda göstərilən 18-ci maddənin təklif olunan redaksiyasında isə məhkəmənin bu səlahiyyəti əlindən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilir. “Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir”. Bax belə! Bu dəyişiklik mahiyyət etibarilə yolverilməzdir, məmur özbaşınalıqlarına, insanın hüquq və azadlıqlarının pozulmasına məhkəmə hakimiyyətinin səlahiyyətinin icra hakimiyyəti tərəfindən mənimsənilməsinə gətirib çıxarır. Əgər təsərrüfat subyektləri cəriməni vaxtında ödəməyibsə və ya qismən ödəyibsə, deməli, burada mübahisə yaranır. Mübahisələr də, artıq yuxarıda qeyd olunduğu kimi, ancaq və ancaq məhkəmədə araşdırılıb həll edilməlidir.
Deyilənlər baxımından “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” layihənin təbii inhisarlar subyektlərinin məsuliyyətini nəzərdə tutan 11-ci maddəsinin 2-ci bəndinin də redaksiyanı düzgün hesab etmək olmaz.
“Sosial reklam özəl yayımçılar tərəfindən də ödənişli əsaslarla yayımlanmalıdır”

“Reklam haqqında” Azərbaycan Respublikasının qanun layihəsi demək olar ki, reklam sahəsində hərtərəfli və dərin bilik əsasında, qanunvericilik texnikası tələblərinə uyğun şəkildə hazırlanıb. Lakin layihənin daha da təkmilləşdirilməsinə, şübhəsiz ki, ehtiyac var. Bu baxımdan müəyyən arzularımı bildirmək istəyirəm:
Ümumi qaydalar adlanan I fəslin 1.1-ci maddəsində qeyd olunur ki, “bu Qanun Azərbaycan Respublikası ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımlanması, istehlakı ilə bağlı münasibətlərə tətbiq edilir. Düşünürəm ki, “münasibətlərə tətbiq edilir” sözləri əvəzinə, “münasibətləri nizama salır”, yaxud “tənzimləyir” yazılmalıdır.
3.1 maddədə qanunvericilik aktları hüquqi qüvvəsinə görə ardıcıl sadalanmalıdır. Yəni Azərbaycan Respublikasının Konstitusiyasından sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr getməlidir. Sonra bu mətn üzrə “bu qanun və digər normativ hüquqi aktlar”.
Sosial reklama həsr olunmuş 10-cu maddənin 10.4-cü bəndində göstərilir ki, “sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərəfindən ödənişli əsaslarla yayımlanır”. Düşünürəm ki, bu bənd mahiyyət etibarilə düzgün deyil və özəl yayımçıları sosial reklama nəinki həvəsləndirməyəcək, əksinə onların bu fəaliyyətinin zəifləməsinə səbəb olacaq. Nə üçün insanların şüurunda ictimai normalara uyğun olan davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətini cəmiyyətdəki sosial məsələlərə cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan fəaliyyət ödənişli olmalıdır. Düşünürəm ki, ödənişsiz olmalıdır. Bu müddəa, habelə layihənin 20.9.2-ci bəndinə də ziddir. Belə ki, bu bəndə görə, xeyriyyəçilərin yayımladıqları elanlar, ümumiyyətlə, reklam sayılmır.
Layihənin 20.1 bəndində haqlı olaraq göstərildiyi kimi, qanun “asan başa düşülən olmalı”, sadə dildə, mütəxəssislər üçün deyil, xalq üçün yazılmalıdır, Azərbaycan dilinin xəzinəsindən maksimum istifadə olunmalı, əcnəbi sözlər mümkün qədər az işlədilməlidir. Layihənin 17.1 bəndində işlədilən “oferent”, “akseptant” sözlərini heç mütəxəsislərin hamısı başa düşmür, bu sözləri xalq necə başa düşsün. Düşünürəm ki, bu iki və bunu kimi digər terminlərin yanında mötərizədə ən azı onların dilimizə tərcüməsi verilməlidir.
Habelə 12.1.2 maddədə “aqressivliyin” sözü “təcavüzkarlığın” sözü ilə, 12.1.6 maddədə “elementlərdən” sözü “ünsürlərdən” sözü ilə əvəz olunmalıdır.
Layihənin 12.2 maddəsində qeyd edilir ki, “yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər tərbiyə və orta təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məsafədən yaxın yerlərdə yerləşdirilə bilməz”. Zənnimcə, bu bənd layihədən çıxarılmalıdır. Çünki, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam ümumiyyətlə qadağan edilməli, bu barədə reklama dair ümumi tələbləri müəyyən edən 4-cü maddəyə bir bənd əlavə olunmalıdır.
Hüquq münasibətlərinin məzmununu subyektlərin hüquq və vəzifələrinin məcmusu təşkil edir. Hüquq olan yerdə vəzifə var və əksinə. Layihədə isə 34-cü maddənin 34.2.1-dən 34.2.4-ə qədər reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquqları sadalanır, lakin onun heç bir vəzifəsi göstərilmir. 37-ci maddədə isə reklam sahəsində özünütənzimləmə təşkilatının vəzifələri əks olunur, lakin onların hansı hüquqlara malik olmasından söhbət getmir. Bu isə düzgün sayıla bilməz. Artıq qeyd edildiyi kimi, hüquq olan yerdə vəzifə və vəzifə olan yerdə hüquq əks etdirilməlidir. Bunu hüquq münasibətlərinin məzmunu tələb edir.
Nəhayət 7-ci – layihədə redaktə xarakterli qüsurlar da mövcuddur. Məsələn, 7.1.8 maddədə yazılır: “əmtəənin tədqiqinin və sınağının nəticələri”. Burada “tədqiqinin” sözündə “nin” şəkilçisi artıqdır.


Şərhlər