Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna prezidentinin müşaviri postuna gətiriləndən sonra ölkədə korrupsiya ilə mübarizə tədbirləri gücləndirilib.Aprelin 4-də Ukrayna Nazirlər Kabinetinin fövqəladə toplantısında Dövlət Maliyyə Müfəttişliyinin rəhbəri Nikolay Qardiyenko işdən çıxarılıb və onunla bağlı xidməti yoxlamanın sənədləri Baş Prokurorluğa göndərilib.
Baş Prokurorluqda Qardiyenkoya qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə maddələri üzrə cinayət işi açılıb. İstintaq materiallarında göstərilir ki, o, bir neçə iri şirkətdə audit yoxlamaları zamanı külli miqdarda rüşvət alıb, bundan başqa vəzifəsinin icrası dönəmində 7,5 milyard qrivnanı mənimsəyib.
Baş nazir Arseniy Yatsenyuk baş prokuror Viktor Şokinə müraciət edərək ondan irəli sürülən ittihamların yoxlanmasını və ədalətli qərar çıxarılmasını istəyib.
Hökumətin geniş tərkibli toplantısında Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin rəisi Anatoli Sirenko da işdən çıxarılıb. Sirenko da rüşvətdə ittiham edilir. Bu haqda mediaya açıqlama verən daxili işlər naziri Arsen Avakov deyib ki, vətəndaşların çoxsaylı şikayətlərindən sonra yol polisinin işi yoxlanılıb və ciddi çatışmazlıqlar, o sırada korrupsiya və rüşvət faktları üzə çıxarılıb.
Avakov deyib ki, daxili işlər orqanlarında struktur yenilənmələri davam edir, funksiyaları üst-üstə düşən, vətəndaşlara xidmət göstərilməsinə süründürməçiliyə səbəb olan, eləcə də rüşvət və korrupsiya qaynağına çevrilən bir sıra qurumlar ləğv edilir.
Onunla birgə sürücülük vəsiqələrinin verilməsi üzrə əsas struktur olan DİN-in İmtahan-Qeydiyyat Komissiyasının sədri Nikolay Jebel də vəzifəsindən azad edilib, strukturdakı yoxlamaların sonucları araşdırılmaq üçün prokurorluq orqanlarına göndərilib.
Kiyev yol polisinin rəisi Nikolay Makarenko isə haqqında cinayət işinin başlanacağından duyuq düşərək ölkəni gizli yolla tərk edib. Ukrayna xəbər qaynaqları yazır ki, polkovnik Makarenko mütəşəkkil cinayətkar dəstəyə rəhbərlikdə şübhəli bilinir. Həmin dəstənin üzvləri də yüksək rütbəli daxili işlər orqanlarının əməkdaşlarıdır.

Ukrayna Baş Prokurorluğunun bu haqda açıqlamasında bildirilir ki, Aleksey Azarov atasının hökumət rəhbəri olması faktından istifadə edərək bir sıra şirkətlərdən iri məbləğlərdə rüşvət alıb. Aleksey Azarovun da atası kimi Rusiyada olduğu ehtimal edilir. Sonuncu dəfə o, Ukrayna ərazisində 2010-ci il, fevralın 20-də - Xarkovda görünüb.
Ukrayna mediası bildirir ki, Avropa ölkələri və ABŞ Ukraynanın devrilmiş hakimiyyətinin üzvlərinə sığınacaq vermədiyi üçün Azarovların Rusiyaya getməkdən başqa çarələrin qalmayıb.
Kiyevdə genişmiqyaslı antikorrupsiya əməliyyatına prezident müşaviri Mixail Saakaşvilinin rəhbərlik etdiyi bildirilir. Ukrayna mediası yazır ki, Saakaşvilinin korrupsiya ilə mübarizədə uğurlu təcrübəsi var.

Bu arada Ukrayna ilə Rusiya arasında növbəti iqtisadi gərginlik yaranıb. Belə ki, Rusiya Kiyevdən işğal etdiyi Donbasa verdiyi təbii qaz üçün ödəniş tələb edib.
Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, bütün hallarda Ukrayna 2009-cu ildə “Qazprom”la “Neftoqaz” arasında imzalanan sazişin şərtlərini yerinə yetirərək borcu ödəməlidir. Əks halda bu durum iki şirkət arasında gələcək işbirliyinə mənfi təsir göstərəcək: “Artıq Ukraynanın cənub-şərqinə təbii qaz verilməsi müqavilələri üzrə debitor borclar yaranmaqdadır. Bu durumdan iki çıxış yolu var: ya şirkətlər məhkəmədən kənar qaydada razılaşaraq problemi yoluna qoymalıdırlar, ya da məsələ məhkəməyə çıxarılmalıdır”.
Bəs Ukrayna qondarma "Donetsk Xalq Respublikası"na və qondarma "Luqansk Xalq Respublikası"na verilən təbii qaz üçün ödəniş etməkdən imtina edirsə, bu, o deməkdirmi ki, Ukrayna artıq həmin bölgələri öz ərazisi saymır?
Rusiyalı jurnalistlərin bu sualını cavablandıran Aleksandr Novak deyib ki, Rusiya tərəf borcun ödənilməsi üzrə danışıqlarda bu arqumentdən də yararlanıb: “Biz danışıqlar masasında siyasi səbəblər üzündən yaranan gərginlikləri də müzakirə etməyi təklif etmişik. Çünki müqavilə imzalanan dönəmdə siyasi durum tamamilə fərqli idi. Biz Minsk razılaşmasından sonrakı durumla bağlı sənədlərə müəyyən dəyişikliklər etməyi təklif etsək də Ukrayna tərəfi bunu qəbul etmir. Bu isə qeyri-müəyyən vəziyyət yaradıb”.
Yada salaq ki, 2009-cu ildə imzalanan müqaviləyə görə, Rusiya Ukraynanın şərqi və cənub-şərqi vilayətlərinə 400 milyon kubmetr təbii qaz verməli idi. Fevralın 20-də baş nazir Dmitri Medvedyev bildirmişdi ki, Rusiya tanınmayan respublikaların energetika strukturlarının rəhbərliyinin müraciətindən sonra əraziyə qaz verilməsinə başlayıb: “Bir müddətdir Ukrayna tanınmayan Luqansk və Donetsk Xalq Respublikalarına təbii qazın verilməsini dayandırıb. Rəsmi Kiyevin bu haqda açıqlamalarında bildirilir ki, mərkəzi hakimiyyətə tabeçilik bərpa edilməyənə qədər təbii qazın öncəki qrafiklə verilməsi mümkün olmayacaq. Biz soyuq qış aylarında bizə edilən müraciətləri cavabsız qoya bilməzdik”.
Döyüş bölgəsində də gərginlik artmaqdadır. Beynəlxalq cəhdlərə baxmayaraq Ukraynanın şərq vilayətlərində silahlar susmur. Ukrayna Müdafiə Nazirliyinin verdiyi açıqlamalara görə, hər gün Silahlı Qüvvələrin mövqeləri atəşə tutulur. Aprelin 5-nə keçən gecə Avdreyevkada mina partlaması nəticəsində 3 Ukrayna əsgəri həlak olub. Gecə boyu atəşkəs 17 dəfə pozulub, 3 zabit 14 əsgər yaralanıb.
Müdafiə Nazirliyinin sözçüsü Andrey Lısenko bildirib ki, ən gərgin durum Donetsk ərazisindədir: “Sonuncu Minsk razılaşmasına əsasən separatçılar ağır texnikanı bölgədən çıxarmalı olsa da razılaşmanın bu bəndinə əməl edilmir. Aprelin 3-dən bölgədə döyüşlər yenidən aktiv fazaya keçib. Günün müxtəlif saatlarında, xüsusən gecə Ukrayna Silahlı Qüvvələrinin mövqeləri güclü atəşə tutulur. Ali Baş Komandanın əmrinə uyğun olaraq qarşı tərəfə cavab atəşi açılır”.
Müdafiə Nazirliyinin sözçüsü onu da bildirib ki, yaxın günlərdə döyüşlərin daha da intensiv xarakter alacağı gözlənilir. Səbəb kimi Rusiyanın yenidən Ukrayna sərhədinə döyüş texnikası və canlı qüvvə yığması göstərilir (musavat.com).


Şərhlər