Bu gün Rusiya KİV-nin yaydığı məlumata görə, bu ölkənin Veteranlar Şurasının sədr müavini Vladimir Qrebenyuk olduqca maraqlı bir bəyanatla çıxış edib (Lenta.ru). O, deyib ki, dükanlarda Üçüncü Reyxin fiqurcığazları ilə alver etmək yolverilməzdir:
«Belə fiqurcuqların olub-olmaması predmetinə bütün mağazalar yoxlanmalıdır. Yol vermək olmaz ki, faşist rəmzləri insanlarda yanlış təsəvvürlər formalaşdırsın. Hələ onların müharibə veteranlarının hisslərini təhqir etməsindən danışmıram... nasist rəmzcikləri ilə ticarət yapan satıcıları da mühakimə etmək lazımdır...».
Bildirilir ki, Moskvada alıcılar belə nasist fiqurcuqlarının satıldığını Lubyankadakı «Uşaq aləmi» univermağında aşkar ediblər. Bundan sonra prokurorluq vəziyyətlə maraqlanıb. Nəticədə, İstintaq komitəsi ekstremizm maddəsi ilə cinayət işi açıb, fiqurçuqlar isə satışdan yığışdırılıb...
Bunlar hamısı çox yaxşı - hesab edirik ki, postsovet ölkələrinin əksəriyyətində insanlar (xüsusilə də müharnibə veteranları) bu bəyanatı alqışla qarşılayacaq. Başqa cür də ola bilməz. Nədən ki, faşizmə qarşı aparılan məlum müharibədə on milyonlarla günahsız insan həyatını itirib, bundan xeyli artığı da əlil olub. Məlum məkanda elə bir nəsil, elə bir ailə tapılmaz ki, onun doğmalarından biri və ya bir neçəsi bu müharibədə həlak və ya əlil olmamış olsun. Biz də hesab edirik ki, postsovet ölkələri ərazisində nəinki faşist rəmzlərinin, həm də neofaşist ideyaların, neofaşist təbliğatın yayılması həlak olanlarımızın, əlil olub da dünyasını dəyişənlərimizin ruhuna təhqirdir və bu cür fəaliyyətdə olanlar ən ağır cəzaya məruz qoyulmalıdırlar. Bu yöndə ictimai təşəbbüslər hər zaman alqışla qarşılanmalıdır...
Biz də bu istiqamətdə bir təşəbbüslə çıxış etmək istərdik. Çağdaş Rusiyanın parlamentində (və digər rəsmi dövlət strukturlarında) oturub da açıq-aşkar neofaşist çıxışları ilə insanların dostluq-qonşuluq, qardaşlıq, vətənpərvərlik və beynəlmiləl hisslərini təhqir etməkdən zövq alan Jirinovski kimiləri, fikrimizcə, insanların zehniyyatına nasist fiqurcuqlardan az zərbə vurmur! Bu səbəbdən, Jirinovski kimiləri sözügedən əsgərciklərdən qat-qat böyük təhlükə məndəyidir. Faşist rəmzləri ilə «bəzədilmiş» əsgərcikləri satışdan yığışdırdığı kimi, gərəkdir ki, rus xalqı Jirinovski sayaq avantüristləri də parlamentdən süpürüb, tarixin zibil qutusuna atsın. O zaman dünya ictimaiyyəti, xüsusilə də postsovet xalqları bir daha rus xalqının böyüklüyünün şahidi olardı.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər