2015-ci ilin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Rusiyadakı investisiya portfeli 568,2 mln.dollar səviyyəsində qiymətləndirilir. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
“Fond hər zaman istər Rusiya, istərsə də digər ölkələr olsun, sərfəli sərmayə yatrımları üçün imkanları qiyməıtləndirir. Hazırda ARDNF-in Rusiyadakı investisiya portfeli daşınmaz əmlaka və “VTB Bank”ın səhmlərinə qoyulan vəsaitlərdən ibarətdir. 2015-ci il yanvarın 1-nə bu portfel cari məzənnə ilə 568,2 mln.dollar səviyyəsində qiymətləndirilir və fondun ümumi investisiya portfelinin 1,5%-ni təşkil edir”,- deyə Ş. Mövsümov bildirib.
Onun sözlərinə görə, inkişaf edən iqtisadiyyatların(Rusiya da daxil olmaqla) artım tempinin azalması, regionda geosiyasi risklərlə əlaqədar rus rublunun və inkişaf etmiş digər ölkələrin valyutalarının devalvasiyası fondun rublla ifadə olunan aktivlərinin gəlirliliyinə mənfi təsir göstərib.
“Buna baxmayarq, biz rubla investisiyalarımızı saxlamaq niyyətindəyik, çünki onlar uzunmüddətli xarakter daşıyır. “VTB Bank” aktivlərinin həcminə görə Rusiyanın ikinci bankıdır, bu banka bizimlə yanaşı, Norveç Fondu və Qətər Suveren Fondu kimi iri maliyyə institutları tərəfindən investisiya qoyulur”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 31-nə ARDNF-in aktivləri 37,1 mlrd. dollar, investisiya portfeli 36 mlrd. 740,3 mln. dollar təşkil edib.
2012-ci ildə ARDNF Moskvanın mərkəzində Tverskaya 16 ünvanında yerləşən və dəyəri 133 mln. dollar olan “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Bundan başqa, ARDNF “VTB Bank”ın səhmlərinin alınmasına da investisiya yatırıb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. /"İnterfaks-Azərbaycan"


Şərhlər