Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “A.M.A.Y.” rəhbəri Abdulla Abdullayev, daha beş nəfər - Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasovanın işi üzrə məhkəmə prosesi davam edib. Müttəhim kürsüsünə çıxarılanlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb.
İşdə zərərçəkəndirlər, amma zərər çəkməyiblər!
A.Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Dünənki prosesdə iş ürə zərərçəkmiş qismində tanınmış şəxslərdən 5-i ifadə verib. Leyla Ağayeva deyib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. O, 13 il əvvəl “Xudafərin” MMC-dən mənzil aldığını, lakin bina tam təhvil verilmədiyinə görə hələ də ora köçə bilməyib: “Mənzilin alınması ilə bağlı müqavilə bağlayanda nəvəm yox idi. Artıq nəvəm da var, ancaq hələ də kirayədə yaşayıram”.
Vəkillərin suallarına cavab olaraq L.Ağayeva bildirib ki, müqaviləni A.Abdullayevlə deyil, “Xudafərin” MMC-də işləyən şəxslərlə bağlayıb. O, nə Abdulla Abdullayevlə, nə də təqsirləndirilən digər şəxslərə qarşı tələbinin və şikayətinin olmadığını deyib. Zərərçəkən Vüqar Səfərov bildirib ki, binadan 2 mənzil alıb. Sadəcə maddi imkanı olmadığına görə təmir etdirə bilmir. O da təqsirləndirilənlərə qarşı tələbinin olmadığını dedi. Adı ittiham aktında zərərçəkən kimi qeyd edilən Elçin Əliyev özünü zərərçəkən saymadığını bəyan etdi. Bildirdi ki, “Xudafərin”lə bağladığı müqaviləyə əsasən pul ödəyib və mənzili alıb. Vəkillərin suallarına cavab olaraq o bildirdi ki, onu istintaqa çağırıb ifadə alıblar və orada da heç bir ziyan çəkmədiyini deyib.
Hakimin “Pulunu ödəmisən, ev almısan, deyirsən ki, heç bir zərər çəkməmişəm. Bəs istintaqa çağırılanda niyə soruşmadın ki, məni niyə bura çağırırsınız?” – sualına cavab olaraq E.Əliyev bildirdi ki, ondan nə vaxt müqavilə bağlaması və mənzili alıb-almaması barədə soruşublar və o da suallara cavab verib.
Eyni hal işdə adı zərərçəkən kimi qeyd edilən Abdulla Dəmirovla bağlı yaşandı. O, 2003-cü ildə “Xudafərin” MMC-dən ev aldığını, bina tam tikilməsə də, onu qane etdiyini və A.Abdullayevə qarşı heç bir iradının olmadığını bildirdi.
Vəkilin suallarına cavab olaraq o bildirdi ki, müqavilə şərtlərində mübahisələrin həlli yolu kimi danışıqlar və həll olunmazsa mülki qaydada məhkəməyə müraciət edilməsi nəzərdə tutulub. O, narazılığı olmadığı üçün hələlik məhkəməyə müraciət etmədiyini bildirdi. Zərərçəkmiş A.Abdullayevə qarşı heç bir iradının olmaması ilə bağlı məhkəməyə rəsmi ərizə də təqdim etdi.
Əbülfəz Abdullayev isə bildirdi ki, istintaqa özü müraciət edib. Səbəb kimi mənzilin müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilməməsini göstərdi.
Abdulla Abdullayev bildirdi ki, binanın müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilməməsinə səbəb elə şikayətçilərin özləridir: “Sizin ucbatınızdan - şikayətlərinizə görə Baş prokurorluq 3 dəfə binaya həbs qoyub və tikintini dayandırıb. Son olaraq da, binada işlər normal gedirdi və təhvil verilmək üzrə idi. Korrupsiyaya qarşı Mübarizə İdarəsi gəldi yenə tikintini dayandırdı, məni də saldılar içəri. İndi gedin mənzilinizi Korrupsiya İdarəsi tikib təhvil versin, gedin onlardan tələb edin!”
İş materiallarında adı zərərçəkən kimi keçən Rəhman Bağırov təqsirləndirilənləri tanımadığını dedi. O “Xudafərin”dən mənzil alıb və təmir də edib: “Hamı kimi məni də çağırıblar Korrupsiya İdarəsinə, yazıblar qol çəkmişəm”. R.Bağırov qeyd etdi ki, bina vaxtında təhvil verilmədiyi üçün onu zərərçəkmiş hesab ediblər.
Lakin vəkillərin suallarını cavablandıran zaman ifadəsində ziddiyyət yarandı. O, bildirdi ki, Korrupsiya İdarəsinə çağırılan zaman mənzilində təmir işləri gedirdi.
Ziddiyyətlə əlaqədar olaraq, hakim onun istintaqa ifadəsini elan etdi. Zərəçəkmiş ifadəsini təsdiqləsə də, A.Abdullayevə qarşı heç bir tələb və şikayətinin olmadığını dedi.
Zərəçəkmiş Nurşən Abdullayev bildirib ki, 1994-cü ildən A.Abdullayevi tanıyır. “Onu çox yaxşı, xeyirxah insan kimi tanıyıram. Mənzil almışam, heç bir şikayətim də yoxdur.”
Hakim onun istintaqa ifadəsini elan etdi. N.Abdullayev istintaqa bildirib ki, mənzilin pulunu ödəsə də, vaxtında hazır olmayıb. Bununla bağlı “Xudafərin”ə müraciət etdikdə MMC-nin Anar adlı əməkdaşı bildirib ki, binanın hazır olması üçün əlavə pul lazımdır və buna görə əlavə olaraq 10 min 400 manat pul ödəyib.
İfadənin elan edilməsindən sonra N.Abdullayev bildirdi ki, ödəniş qəbzlərinə əsasən, ona bununla bağlı sual verildiyi üçün belə ifadə verib. O, A.Abdullayevə qarşı heç bir şikayətinin olmadığını və özünü zərərçəkmiş hesab etmədiyini deyib.
Bundan sonra vəkil hakimə müraciət etdi: “Bu adam özünü zərərçəkmiş hesab etmirsə və istintaqa da belə deyibsə, bu adam burada nə gəzir? İstintaq hansı əsasla onu zərərçəkmiş kimi tanıyır?”
Hakim isə dedi ki, istintaq N.Abdullayevi zərərçəkmiş kimi tanıyıb, lakin onun həqiqətən də zərərçəkmiş olub-olmamasına məhkəmə qiymət verəcək.
Proses aprelin 9-da davam etdiriləcək.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İttihama əsəsən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatıüzrə istifadə etməyib. İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilirlər.

Şərhlər