Menu

Avropa Şurasının təmsilçisi Bakıya niyə gəlmədi?

08.04.2015, 21:43
Avropa Şurasının təmsilçisi Bakıya niyə gəlmədi?

Səhhətində problemlər olan Pedro Arqamunt Azərbaycandakı siyasi məhbus terminini – “işlərində siyasi motiv ehtimal olunan məhbuslar”a dəyişir

“Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Pedro Arqamunt Bakıya səhhətindəki problemlərə görə gələ bilməyib. Cənab Aqramunt Avropa Şurası Parlament Assambleyasının iyun ayının son həftəsində keçiriləcək yay sessiyasında Azərbaycanla bağlı hesabatını təqdim etməlidir. Böyük ehtimalla o, həmin zamana qədər Azərbaycana gələcək”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı deyib.

Yada salaq ki, contact.az saytı Avropa Şurasındakı qaynaqlara istinadən aprelin 8-9-na nəzərdə tutulan səfərin gözlənilməz situasiyaya görə təxirə salındığı haqqında xəbər yaymışdı: “Aqramuntun missiyasi AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsində təqdim edəcəyi “Azərbaycanın Avropa Şurasında təmsilçiliyi: insan haqlarına sayğı ilə bağlı görülən tədbirlər” hesabatı ilə bağlı olmalı idi. Belə bir hesabat hazırlanması qərarı 2014-cü ilin yay sessiyasında siyasi məhbus məsələləri üzrə fəalların təşəbbüsü ilə qəbul edilib. Bu, Azərbaycanın qurumun Nazirlər Şurasına sədrlik etməyə başladığı dönəmə təsadüf edib. Azərbaycanın quruma sədrliyi zamanında insan haqları ilə bağlı durum nəinki yaxşılaşıb, əksinə siyasi məhbusların sayı artıb, Azərbaycandakı siyasi məhbus problemi ilə bağlı Avropa Şurasına hesabat təqdim edən hüquq müdafiəçiləri həbs edilib. Ötən dönəmdə Pedro Arqamunt susqunluğunu qoruyub və ölkəyə yalnız bir dəfə həmməruzəçi Tadeuş İvinski ilə qısamüddətli səfər edib. Həmməruzəçilərin heç biri Bakıdakı görüşlərlə bağlı açıqlamalar verməyib, mətbuat konfransı keçirməyib”.

Səidə Qocamanlıdan onu da öyrəndik ki, aprelin 8-də insan haqları müdafiəçiləri Avropa Şurasının Siyasi İşlər Şöbəsinin müdiri Aleksandr Gesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb: “Avropa Şurası nümayəndə heyətinin ilk görüşü vətəndaş cəmiyyəti nümayəndələri ilə olub. Səfərin məqsədi Azərbaycanın Avropa Şurasının qarşısına götürdüyü öhdəlikləri yerinə yetirilməsinin monitorinqi ilə bağlıdır. İyun ayında keçirilək sessiyaya qədər Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə necə əməl etməsi ilə bağlı hesabat hazırlanmalıdır. Bugünkü söhbətdə də əsas müzakirə mövzusu bu oldu. Avropa Şurası təmsilçilərini əsas maraqlandıran sərbəst toplaşmaq azadlığının təmin olunması, QHT-lərin durumu, işlərində siyasi motiv ehtimal olunan məhbusların vəziyyəti maraqlandırır. Yeri gəlmişkən, bu ifadəni Perdo Aqramunt təklif edib. Bundan başqa, alternativ xidmət, məhkəmələr, penitensiar sistem də Avropa Şurası təmsilçilərinin maraq dairəsindədir. Azərbaycan sadalananlarla bağlı üzərinə konkret öhdəliklər götürüb. Müzakirələr zamanı biz hər bəndlə bağlı ayrı-ayrılıqda fikirlərimizi çatdırdıq, bildirdik ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən 14 il keçib və təbii, o gündən çox böyük dəyişikliklər olub. Azərbaycan quruma üzv olanda ölkədə 716 nəfər siyasi məhbus vardı. Həm bu sahədə, həm də penitensiar xidmət sahəsində çox ciddi dəyişikliklər olub”.

Səidə Qocamanlı deyir ki, siyasi məhbus siyahıları ilə bağlı müzakirələrdə say məsələsi də önə çəkilib: “Prezidentin son əfv fərmanları ilə siyasi məhbusların bir hissəsi azadlığa çıxıb. İndi bizim siyahımızda 24 nəfərin adı var. Ancaq bir sıra insan haqlarını müdafiə qurumları isə artıq azadlığa çıxan insanların adlarını həmin siyahıda saxlamaqla süni şişirtmələrə yol açırlar. Bu siyasi məhbusların azadlığa çıxması prosesinə heç bir qatqısı olmayan mənasız bir işdir. Bizim çoxdankı arzumuz idi ki, bu məsələdə vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoq olsun. Hakimiyyət bu dialoqun aparılması üçün işçi qrup yaradıb. Bir məsələni unutmamalıyıq ki, Azərbaycandakı problemlərin çözümü ölkə içərisində baş verir, kənardan hər hansı müdaxilə ilə dəyişiklik mümkün deyil”.

S. Qocamanlının sözlərinə görə, Avropa Şurasının təmsilçiləri siyasi məhbus probleminin müzakirəsi zamanı vətəndaşların Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququnu xüsusilə vurğulayıblar. Onlar bildirib ki, məhkəmə qərarları ilə razılaşmayan şəxslər məsələni Avropa İnsan Haqları Məhkəməsinə çıxara bilərlər.( musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol