Mərkəzi Bank dolların aylıq çapını 10 milyard azaltdı; neft, avro və qızıl ucuzlaşdı
ABŞ Mərkəz Bankı FES (Federal Ehtiyat Sistemi) ilin son toplantısında dünya iqtisadiyyatını sarsıda biləcək qərar verib. Belə ki, FED 2008-ci il maliyyə böhranından sonra aylıq çap etdiyi 85 milyard dolları 10 milyard azaldacaq. Yanvar ayından etibarən ABŞ valyutasının aylıq 75 milyard dollar çap olunacağı qərarı verilib.
İki günlük yığıncaq nəticəsini açıqlayan Federal Açıq Birja Komitəsinin ( FOMC ) nümayəndəsi bunu iqtisadiyyatda artan məşğulluğun fonunda qərara aldıqlarını ifadə edib. FOMC üzvləri faiz dərəcələrinin 2015-ci ilə qədər artırılmayacağı fikrindədir. ABŞ iqtisadiyyatının inkişaf tempinin 2,8- 3,2 faiz arasında olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, iyun ayında FES sədri Ben Bernanke iqtisadi inkişafın proqnozlaşdırılan şəkildə reallaşdırılacağı təqdirdə, il sonuna doğru valyuta çapının azaldılacağı barədə siqnallar vermişdi.
FES, həmçinin, 2014-cü ildə işsizlik nisbətinin 6,8 faizdən 6,3-ə düşəcəyini proqnozlaşdırıb. FES sədri Ben Bernanke valyuta çapının azaldılması prosesinin qarşıdaki illərdə də davam edəcəyini bildirib.
ABŞ Mərkəzi Bankı tərəfindən verilən bu açıqlama birjalara ciddi təsir göstərməyə başlayıb. Birjalarda neftin qiyməti 97-109 dollar/barrel civarına, qızılın ünsiyası isə 1200 dollara düşüb. Dolların dəyəri isə bir gecədə bahalaşıb (bizimyol.info).


Şərhlər