Menu

Bakıda bir çox binalar təhlükə qarşısındadır

13.04.2015, 19:36
Bakıda bir çox binalar təhlükə qarşısındadır

Ramil Osmanlı: “Avropa Oyunları zamanı bu cür hadisə baş versə, bu, ölkənin imici üçün böyük zərbə ola bilər”

Bakının Xətai rayonunda Zığ şosesi 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında baş verən yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edərkən, mətbuatda müxtəlif ehtimallar da səslənməkdədir. Bina sakinlərinin mətbuata verdiyi məlumata görə, yanğın yenidənqurma işlərində istifadə olunan materialların qalıqlarının toplandığı ərazidə başlayıb.

Belə ki, yenidənqurma işləri zamanı istifadə olunan materialların qalıqları binanın aşağısında, divarın dibində toplanıb. Ancaq işçilərin səhlənkarlığı ucbatından həmin tullantılar atılmayıb. Binanın qarşısına toplanan tezalışan material olan penaplast qalıqlarına söndürülməyən siqaretin atılmasının yanğının əsas səbəbi olduğu ehtimal olunur. Sakinlərin sözlərinə görə, yanğın həmin tullantı materiallarından başlayıb və qısa müddətdə bütün binanı əhatə edib.

Müşahidələrimizə görə, hazırda digər binaların qarşısında da həmin tullantı qalaqları var və bu, təhlükənin hələ də qaldığına işarədir.

Hadisədən sonra ərazidəki digər binalarda aparılan yenidənqurma işləri dayandırılıb. Bundan sonra tez alışan panoplast materiallarının binalarda istifadəsinin qadağan edildiyi də ehtimal olunur.

Yanan binanın təmiri ilə bağlı aparılan işlərə gəlincə, fasad örtüyü qaşınaraq, yanğının qalıqlarından təmizlənib və binanın ətrafına yendən dəmir konstruksiyalar quraşdırılıb. Binanın yanmayan hissəsində yaşayış bərpa edilib, sakinlər mənzillərinə köçürülüblər.

Evləri yanan 60 ailəyə isə 500 manat verilərək, kirayə evlərə köçürülüb. Sakinlərin əyşalarının daşınması prosesi də başa çatıb.

Yanğının baş verməsinin səbəbi ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Hadisənin hansı istiqamətdə araşdırılacağı, oxşar fasadı olan digər binaların taleyinin necə olacağı ilə bağlı suallarımıza cavab almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov musavat.com-a açıqlamasında bildirdi ki, nazirliyin müvafiq qurumu araşdırmalar aparır və nəticələr cəmiyyətə açıqlanacaq: “Bizim nazirliyin müvafiq komissiyası oradakı konstruksiyaların sağlamlığı, təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparıb və günün sonunda nəticələr mətbuata açıqlanacaq”.

Ekspertlər isə həyəcan təbili çalaraq, bildirirlər ki, bu binalar Bakıda partlamamış minalar qədər təhlükəlidir. Hər an bilərəkdən və ya təsadüfən baş verən ehtiyatsız hərəkətlərdən binalar yanaraq insanların həyatını təhlükəli vəziyyətə sala bilər.

Yanğının baş verməsi ilə bağlı səslənən ehtimalları qiymətləndirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı binaların tezalışan materialla üzlənməsinin tez bir zamanda dayandırılmasının vacibliyini vurğuladı: “Həmin bunanın qısa müddət ərzində alovlara bürünməsi və yanğının bütün mərtəbələrə yayılması onu sübut etdi ki, üzlük üçün istifadə olunan materiallar kifayət qədər təhlükəli və yanmağa meyllidir. Məsələ burasındadır ki, bu, təkcə Nobel prospektində deyil, Bakının əksər hissələrində bu cür materialla üzlənmiş binalar var. Nobel prospektində hazırda 20-yə yaxın bina bu materialla üzlənir. Yaxın müddət ərzində bu cür hadisələrin baş verməməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri səviyyəsində məsələyə rəsmi münasibət bildirilməli və bu prosesin qarşısı alınmalıdır. Artıq üzlənməsi başa çatdırılan binaların da üzlüyü qoparılmalı və yenidən keyfiyyətli, yanğına, təbii proseslərə dözümlü olan üzlük daşlarla üzlənməlidir. Bakı şəhərinin bunun üçün kifayət qədər imkanları var. Burada bir məsuliyyətsizlik var və buna görə aidiyyatı orqanlar cavab verməlidir. Çünki istənilən halda vəsait dövlət büdcəsindən ayrılır və dövlət vəsaitlərinin belə səmərəsiz istifadəsi yolverilməzdir”.

Ekspert onu da bildirdi ki, bu məsələdə subyektiv məqamlar araşdırılmalıdır: “Bu təklif kimdən gəlib, haradan gəlib, bu işi görənlər həmin materialın yanmağa davamlılığını niyə nəzərə almayıblar? Bu məsələlər araşdırılmalıdır. Burada yəqin ki, maraqlı olan qurumlar var. Mühafizə tədbirləri gücləndirilməlidir. Qarşıdan Avropa Oyunları gəlir. Biz Bakının inkişafını dünyaya göstərmək üçün burada beynəlxalq səviyyəli tədbir təşkil edirik və həmin tədbir vaxtı Bakının mərkəzində 10 bina yanır. Bu, ölkənin imici üçün böyük zərbə olardı. Ona görə də, bu məsələlər mütləq şəkildə nəzərə alınmalıdır. Kimlər ki, bu binaların üzlük materialla üzlənməsində maraqlı olublar, elə onlar da yenidən pul qazanmaq məqsədilə bu işləri təşkil edə bilərlər. Aidiyyatı qurumlar bu işlə ciddi məşğul olmalıdır. Dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsinin, sakinlərin ziyan çəkməsinin qarşısı alınmalıdır”.

Baş verən hadisəyə müxalifət liderləri də səssiz qalmadılar. Onlar musavat.com-a açıqlamalarında hadisənin dərhal araşdırılmasının vacibliyindən danışdılar.

Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd etdi ki, hadisə baş verən gün orada olub: “Mən hadisə günü orada idim. Ancaq heç kimin işinə müdaxilə etmək istəmədim. Çünki həmin gün vəziyyət olduqca kritik idi. Sonrakı günlərdə də baş çəkməmişəm. Mənə də bununla bağlı hər hansı müraciət olmayıb. Mən Xətai rayonundan deputat olsam da, mənim ərazim ora deyil. Ancaq yanğın baş verən gün orada idim”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol