Menu

"Polad Bülbüloğlu Abbas Abbasovla eyni qayıqdadır" - Söyün Sadıqov

15.04.2015, 17:29
"Polad Bülbüloğlu Abbas Abbasovla eyni qayıqdadır" - Söyün Sadıqov

"Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentinin təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?”

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “Azərros”un dünənki növbədənkənar VI Qurultayında qurumun prezidenti seçilən Söyün Sadıqov minval.az-a müsahibəsində diqqətçəkən açıqlamalar verib, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu ittiham edib. S.Sadıqov deyib ki, Mehriban Sadıqova, Cəmil Sadıqbəyov, Vaqif Adıgözəlov, Tamilla Şıxməmmədova, Sərdar Adbdullayev və Fayaz Paşayev birləşdirici qurultaya buraxdıqları səhvlərdən utanaraq gəlməyiblər:

“Onlar Abbas Abbasovdan aldıqları pulu xalqın maraqlarından üstün tutdular. Amma biz qəddar adamlar deyilik və milli maraqlar naminə birləşmək üçün insanların səhvlərini bağışlamağı bacarırıq. Mən əminəm ki, birləşdirici qurultay “AzerRos” üçün yeni bir tarixi səhifə açacaq, Rusiya və Azərbaycan xalqlarının mənafeyinə xidmət edəcək.”

S.Sadıqov A.Abbasovu kəskin ittiham edib. O, deyib ki, A.Abbasov ya çox axmaq, ya da namərd adamdır: “Amma mən üçüncü varianta inanmağa meylliyəm. O, anti-Azərbaycan qüvvələrinə xidmət edir, bu hətta erməni lobbisi də ola bilər. Çünki ola bilməz ki, uzun müddət yüksək vəzifədə işləmiş bir şəxs bu cür səhvlər buraxaraq anti-Azərbaycan mövqe tutsun, Rusiyada yaşayan azərbaycanlıların əleyhinə getsin. Bunları gördükdən sonra mən anladım ki, Abbas Abbasov kimilərinin əsl sifətini açmayanadək yaranmış problemləri həll etmək mümkün deyil”.

S.Sadıqov deyib ki, onlarda olan məlumatlara əsasən deyə bilərlər ki, A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bir qayıqda yer alır.

S.Sadıqovun sözlərinə görə, 17 fevralda qurultaya Rusiya hüquq-mühafizə orqanlarının müdaxiləsi birbaşa P.Bülbüloğlunun informasiyaları əsasında baş verib: “Axı, necə ola bilər ki, diasporanın 350-400 nəfər üzvü Abbas Abbasova tabe olmadıqları üçün səfirin göstərişi ilə təzyiqə məruz qalsınlar? Biz bu informasiyaya əvvəl inanmadıq.

Amma fevralın 20-də diasporanın 100 fəal üzvünün dağıstanlı qoluzorluların hücumuna məruz qalanda da səfir səsini çıxarmadı, hətta Dağıstan prezidentindən fəxri diplom da aldı. 14 aprel qurultayında isə rusiyalı məmurlarla söhbətdən belə məlum oldu ki, səfir bütün gücü ilə qurultaya mane olmağa çalışıb. Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentinin təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol