Ələsgər Məmmədli: “Əgər həqiqi hüquqi analiz aparılacaqsa, bu normadan çıxacaq nəticə bankların xeyrinə ola bilməz”
Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı verəcəyi qərar ciddi müzakirələrə səbəb olub. Ekspertlər eyni qanunvericiliyə istinad edərək, fərqli nəticələrə gəliblər.
Həmçinin, əksər ekspertlər məhkəmənin bankların xeyrinə qərar çıxaracağını ehtimal edir. Onlar bildirirlər ki, bu məsələ ilə bağlı sadalanan maddələr istənilən yöndən yozula bilər. Məhkəmənin qərarı mayın 7-də olacaq.
Hüquqşünas Ələsgər Məmmədli isə musavat.com-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı vətəndaşların xeyrinə olması ehtimalı var: “Əslində mən banklar üçün sürpriz gözləyirəm. Əgər həqiqi hüquqi analiz aparılacaqsa, bu normadan çıxacaq nəticə bankların xeyrinə ola bilməz. Banklar üçün sürpriz dedikdə mən onu nəzərdə tuturam ki, hər iki tərəf Azərbaycan mənşəlisə, o zaman Konstitusiya Məhkəməsi bunu nəzərə alıb, maddə 439.1-in tələbinə əsasən, bankların lehinə yox, borc öhdəliyi yaranan tərəfin lehinə də qərar verə bilər”.
O, misal olaraq Mülki Məcəllədəki bir neçə maddəni sadalayıb: “Tərəflərdən biri xarici olduqda, xarici valyuta ilə kredit verilir müddəasına heç bir ekspert rəy bildirməyib. Halbuki bu, ciddi məsələdir və Konstitusiya Məhkəməsinin qərarı bu məsələni də qiymətləndirməlidir. Maddə 439.1-də göstərilir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddənin izahında önəmli olan xarici valyuta ilə borcun verilməsi tərəflərdən birinin Azərbaycan tərəfindən olmaması zamanı qanun da yasaqlamırsa, mümkün ola bilər. Amma həm bank, həm də pul götürən tərəf Azərbaycan mənşəlidirsə, pul manatla ifadə edilməli idi. Maddə 439.1-də ilk cümlə “Pul öhdəliyi manatla ifadə edilməlidir”, - əmredici normadır. Bu normanın istisnasını isə “Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”, - deyərək, iki şərtlə mümkün edir. Şərtlər tərəflərdən birinin xarici olması və qanunvericiliyin də buna yol verməsidir. Həm də bu şərtlərin biri təkbaşına olmaz, hər iki şərt bir arada mövcud olduqda mümkündür. Bankların etdiyi müştərilərin mənafeyinə ziddir və fikrimcə, Konstitusiya Məhkəməsi bu amildə tərəflərin hüquq qarşısında bərabərliyi prinsipini nəzərə alaraq, Konstitusiyanın 25-ci maddəsinə də istinad edərək, bu məsələni qabardacaq. Ayrıca, maddə 439.1-də öhdəliyin manatla olduğu bildirilir. Yəni ödəniş manatla ifadə edilmir - öhdəlik manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici deyilsə, bank öhdəliyi dollarla ifadə edib, manatla ödəyə bilməz. Bir çox insan 439.1-ci maddənin adını çəkmədən, 439.2-yə istinad edir. 439.2-ci bənd 439.1-in bəhs etdiyi hüquqi vəziyyətin elementlərini aydınlaşdırır. 439.1-in şərti yoxsa, 439.2-ni bayraq tutmaq mümkün deyil”.


Şərhlər