Almanlar Ankaranın gizli nüvə silahı üzərində işlədiyi barədə xəbərdarlıq edib
Aprelin 14-də Türkiyədə ilk nüvə mərkəzi Akkuyu Nüvə Tədqiqat Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mersində keçirilən tədbirdə hökumət rəsmiləri iştirak edib. Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, layihənin dəyəri 22 milyard dollar qiymətləndirilir. Türkiyənin ilk nüvə stansiyasının 2020-ci ildə təhvil veriləcəyi gözlənilir. Türkiyənin nüvə enerji mərkəzi dinc məqsədli olacaq, əsasən ölkənin enerjiyə olan tələbatını qarşılamaq məqsədi güdür.
Qeyd edək ki, hazırda dünyada elektrik enerjisinin 11 faizi nüvə enerjisindən əldə olunur. ABŞ və Rusiyada isə elektrikin 19 faizi nüvə enerjisindən alınır. Hazırda ABŞ-da 100, Rusiyada isə 39 nüvə stansiyası var. O cümlədən hər iki ölkədə 5 nüvə stansiyası tikilir. Dünyada nüvə enerjisinə qarşı ən geniş miqyaslı mübarizə Almaniyada gedir. Almaniyada təbiət müdafiəçilərinin kütləvi etirazlarından sonra hökumət ölkə ərazisindəki 17 nüvə stansiyasından 8-nin fəaliyyətini dayandırıb. Ancaq 9 stansiya hələ də işləyir. Paris ətrafında isə 7 nüvə stansiyası fəaliyyət göstərir.
Türkiyədə nüvə stansiyasını ruslar tikəcək. Bununla bağlı uzun illər danışıqlar aparılıb və sonunda seçim rusların üzərində olub. Türkiyənin Akkuyu nüvə stansiyasını Rusiyanın “Rosatom” şirkəti tikəcək. Türkiyəli nazir Taner Yıldız bildirib ki, nüvə stansiyası işlək vəziyyətdə olsaydı, bu gün 15 milyon əhalisi olan İstanbulun bütün, Türkiyənin isə 28 faiz elektrik enerjisi tələbatını ödəmək mümkün olacaqdı. “Rosatom”un direktoru Sergey Kiriyenko açılış mərasimində bildirib ki, Akkuyu möhkəm bünövrə üzərində inşa olunacaq. Onun sözlərinə görə, əgər Yaponiyada Fukuşima stansiyasında bu cür möhkəm özül olsaydı, bu qəza baş verməzdi. Yeri gəlmişkən, nüvə stansiyasının tikintisində 10 min nəfər çalışacaq. İnşaat işlərinin 2019-cu ildə bitməsi, 2020-ci ildə isə nüvə reaktorunun çalışması planlaşdırılır.
Qeyd edək ki, Türkiyə dövləti hələ çox illər əvvəldən nüvə enerjisi əldə olunması üçün stansiyanın tikilməsi təklifini qaldırıb. Ankara hesab edir ki, enerji qaynaqlarını əsasən xaricdən idxal etdiyi üçün elektrik enerjisinə tələbat yüksəkdir və qiymətlər xeyli baha olur. Bu səbəbdən də Türkiyə hakimiyyəti ölkə ərazisində daha ucuz qiymətə elektrik enerjisi təmin edəcək nüvə enerjisi stansiyalarının qurulmasını məqsədəuyğun sayır. Ancaq yerli ekoloqlar buna qarşı ciddi etiraz edirlər. Bundan başqa, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması riski səbəbindən beynəlxalq güclər regionda nüvə enerjisi istehsalı mövzusuna həssas yanaşır.
Ancaq Türkiyənin nüvə enerji stansiyalarını tikməsi silah istehsalı iddialarını ortaya çıxarıb. Bir sıra yerli və xarici mənbələr Türkiyənin nüvə silahı əldə etməyə çalışdığını iddia edir. Bir qədər əvvəl bu iddianı Almaniya mediası gündəmə gətirib. Almaniyanın nüfuzlu “Die Welt” qəzeti Ankaranın gizli şəkildə nüvə silahlı əldə etməyə çalışdığını iddia edib. Məqalə müəllifi, 1982-88-ci illərdə Almaniya Müdafiə Nazirliyində planlaşdırma idarəsinin rəisi vəzifəsini tutmuş Hans Rühle Türkiyənin nüvə silahı yaratması cəhdlərinin arxasında Pakistanın nüvə alimlərinin olduğunu iddia edib. Yazıda alman kəşfiyyatının Türkiyə rəsmilərini dinləməsinin arxasında bu nüvə silahını əldə etməklə bağlı şübhələrin olduğu qeyd edilir. Eyni zamanda kəşfiyyat materiallarında Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqlar zamanı nüvə silahı məsələsinə işarələr etdiyi qeyd olunur. Eyni zamanda Türkiyənin 2015-ci ildə tarixində ilk dəfə 2500 km məsafəyə uça bilən uzaq mənzilli raketləri sınaqdan keçirəcəyi də qeyd olunurdu. Doğrudur, sonradan pakistanlı nüvə araşdırmaçısı bu iddiaları təkzib etsə də, Almaniya kəşfiyyatı mənbələrinə istinadən ortaya çıxan bu yazının “havadan olmadığı” hər kəsə aydın idi.
“Yeni Türkiyə Araşdırmaları Mərkəzi”nin analitiki Orxan Qafarlı deyir ki, Türkiyənin indi nüvə silahı əldə etmək üçün zəruri imkanları və münasib siyasi vəziyyət mövcud deyil: “Nüvə enerjisi daha asan əldə olunur, ancaq silah əldə etmək üçün daha güclü texnologiya lazımdır. Bunun üçünsə pul və siyasi dəstək olmalıdır. ”Soyuq müharibə" zamanı SSRİ və ABŞ arasında nüvə silahının yayılmaması ilə bağlı anlaşma var. Türkiyəyə bu imkanı tanımazlar. Yalnız İran əldə etsəydi, bəlkə Türkiyəyə də bu imkanı tanıyardılar".
O.Qafarlının fikrincə, almanların bu iddianı ortaya atmasının arxasında başqa amillər dayanır: “Almanlar Avropa hərbi təşkilatını qurmaq, daha doğrusu, NATO-dan ayrılmaq istəyirlər. Bunun üçün də sürəkli olaraq qlobal təhdidlərlə bağlı iddialar ortaya atırlar”. (musavat.com)


Şərhlər