Menu

Belçika XİN-in rəhbəri Azərbaycana gəlir

22.04.2015, 22:25
Belçika XİN-in rəhbəri Azərbaycana gəlir

AŞ Nazirlər Komitəsinə rəhbərlik edən Belçika Dağlıq Qarabağ probleminin aradan qaldırılmasına dəstək vermək istəyir

Aprelin 28-də Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edən Belçikanın xarici işlər naziri Didye Reyndersin Azərbaycan və Ermənistana səfəri başlayır. Bu haqda cənab Reynders AŞPA-nın yaz sessiyasındakı çıxışında danışıb. Nazirlər Komitəsinin iş ilə bağlı hesabatını təqdim edən xarici işlər naziri deyib ki, Belçika quruma rəhbərlik etdiyi dönəmdə Avropa məkanında insan hüquq və azadlıqlarının daha effektiv qorunmasına çalışacaq.

Daha sonra sessiya iştirakçıları Didye Reyndersə suallar verib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Azərbaycanda məcburi köçkünlərin

daimi yaşayış yerlərinə qayıda bilmədiyini, bu səbəbdən bələdiyyə seçkilərində iştirakdan məhrum olduqlarını insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması olduğunu deyib və bunun üçün kimin cavabdehlik daşıdığını soruşub. Rövşən Rzayev “Ermənistanın əsir saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilmələri üçün biz nə edə bilərik?» sualına da cavab istəyib.

Gələn həftə Ermənistan və Azərbaycana səfər edəcəyini bildirən D. Reynders yaranan durumdan ciddi narahatlıq keçirdiyini bildirib: “Münaqişə zonasında baş verən belə hadisələr bizi olduqca narahat edir. Əlbəttə ki, problemlər hərbi yolla həll edilə bilməz. Qarabağ münaqişəsi problemin nizamlanmasında aparıcı rol oynayan ATƏT –in, eyni zamanda Avropa Şurasının vasitəçiliyi ilə siyasi yolla həll olunmalıdır. Qaçqın və məcburi köçkünlərin vəziyyətinə gəldikdə, hansı vəziyyətdə yaşadıqlarını görmək üçün ilk növbədə onlarla görüşə bilməliyik. Bütün ölkələrin hökumətlərinə çağırış edərək demək istəyirəm ki, onlar qaçqınları görməyimiz üçün bizə şərait yaratmalıdır. Bu onların həm de-yure, həm də de-fakto vəzifəsidir. Bir çox təşkilatlar var ki, onlar bu məsələlərdə yardım edə bilərlər. Avropa Şurası belə təşkilatlardan biridir”.

Belçikanın xarici işlər naziri Azərbaycanda qaçqın və məcburi köçkünlərin yaşayışı ilə də tanış olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol