“Cəlilabad rayonunun məktəblərində müəllimlərdən müxtəlif adlar altında pul yığılır. Etiraz edənlərin sayı çox olsa da, susdururlar. Məni də susdurmaq istəyirlər, hər gün hədələrə məruz qalıram. Ancaq mən sonuna qədər mübarizə aparmaq fikrindəyəm. İnanıram ki, mənə qoşulanlarin sayı cox olacaq . Sizdən xahis edirəm, bu vəziyyəti ictimailəşdirəsiniz”.
Bu fikirlər Cəlilabad rayonu, Göytəpə şəhər 1 saylı orta məktəbinin müəllimi Əkbərov Vasif Cannar oğlunun “AzPolitika.info”-ya müraciətindən götürülüb. Saytımız vasitəsilə təhsil naziri Mikayıl Cabbarova Açıq məktub ünvanlayan Vasif Əkbərov, konkret şəxslərə qarşı ciddi ittihamlar irəli sürüb. Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

Kifayət qədər korrupsiyalaşmış Cəlilabad rayon təhsilində keçmiş müdir işdən uzaqlaşdırılanda və yerinə Vidadi Dövlətov təyin olunanda təhsil sahəsindəki problemlərimizin düzələcəyinə ümidlərimiz artdı. İlk vaxtlar elə belə də oldu. Qeyri-qanuni ianələr, "qəzet pulu", əmək haqqından faiz tutulmalarına şəxsən Vidadi Dövlətov tərəfindən qəti qadağa qoyuldu.
Keçmiş RTŞ müdiri tərəfindən "hörmətlə" təyin olunan direktorlara xəbərdarlıqlar edildi. Məktəblərdə kollektivlə görüşlərə gedən Vidadi Dövlətov bütün müəllimlərə söz verdi ki , bundan sonra müxtəlif adlarda pul yığımlarının qarşısını alacaq. Dedi ki, sizdən kim pul istəsə, dərhal mənə xəbər verilsin. Amma sonra ən xırda problemlərlə bağlı bizi susdurmağa və korrupsioner şəxslər müdafiə olunmağa başlanıldı.
Cəlilabad rayon Göytəpə 1 sayli tam orta məktəbin direktorunun 65 yaşı tamam olduqdan sonra yerinə müvəqqəti qoyulan rus dili müəllimi (baxmayaraq ki, kollektiv başqasını istəyirdi) direktor təyin olundu. Kollektivimiz bu barədə saysız hesabsız şikayətlər etməsinə baxmayaraq, müxtəlif üsullarla rəhbərlikdə qalmağı bacaran direktor bu günə qədər də pul yığmağa davam edir. Məsum sifəti və göz yaşları ilə yığdığı pulun özünə çatmadığını, sadəcə "yuxarılara" verdiyini deyən direktor, məktəbimizi əməlli-başlı talan etməkdədir . Məktəbi bazara çevirən Reyhan Cəfərova pulu verməyənlərə qarğış etməkdən də çəkinmir.
Fakultətiv dərslər, şahmat dərsləri və digər dərsləri müəllimlərin adına yazıb götürən direktor, məktəbdə dərsin keyfiyyətini aşağı salmaqla yanaşı, həm də dövlət büdcəsini mənimsəyir. Xəstəlik və ya başqa yerlərdə işləməyə gedən müəllimlər direktorla əlbir olub, saxta bülletenlə onun büdcəsini doldururlar. Seçkiyə ezam olunanlara da dərsləri özlərinə dedirdib, maliyyə pozğunluğuna yol verirlər. Elə bir müəllim yoxdur ki, direktor tərəfindən istismar edilməsin.
Səslərini çıxaranlar müxtəlif üsullarla susdurulur. Etdiyimiz şikayətlər isə ənənəvi qaydada həll edilir . Təhsil Nazirliyinə edilən şikayətlər nazirlikdə bizim zona üzrə məsul şəxs Əhliyət müəllimə həvalə edilir. O isə Cəlilabad RTŞ müdiri Vidadi Dövlətova, Vidadi Dövlətov isə məktəbimizin inspektoru Sarxan müəllimə həvalə edir. Sarxan müəllim də hər zaman olduğu kimi şikayətçini razi sala bilməsə, 5-6 nəfər yalançı şahidin izahatı ilə şikayətçini yalançı çıxararaq işi bağlayır. Bütün müəllimlərin problemi eynidir . Təhsil Nazirliyi bununla bağlı tədbir görməlidir. Hər kəsi böhtançı adlandırmaqla , problemi ertələməklə həll etmək olmaz.
Mən başqasının adından danışmıram, şəxsən öz adımdan deyib, imzamla təsdiq edirəm ki, direktorumuz Reyhan Cəfərova məndən 7 aydır hər ay 60 manat pul alır. Qəzet pulu adıyla 3 aydır bütün müəllimlərdən olduğu kimi ayda 10 manat və 20 manat da aylıq pul istəyir. Məktəbdəki anti-sanitariya şəraitinə görə, cərimələndiyindən 3 manat istəyir. Qışda odun pulu və sair adlarla yığılan pullardan artıq bezmişik. Sizdən bir daha xahiş edirəm ki , bizi Cəlilabad RTŞ-nin qanunsuzluqlarından xilas edəsiniz.
Hörmətlə, Vasif Cannar oğlu Əkbərov
ünvan: Cəlilabad ray, Göytəpə ş O.Eynullayev küç ev 29”.
“AzPolitika.info”dan: Məktuba qeyd olunanlarla bağlı Cəlilabad rayon Göytəpə 1 sayli tam orta məktəbinin direktoru Reyhan Cəfərovanın, Təhsil Nazirliyinin, Rayon təhsil Şöbəsinin müdiri Vidadi Dövlətovun və adları çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Şərhlər