Menu

Rusiya ABŞ-ı ittiham edir!

29.04.2015, 00:53
Rusiya ABŞ-ı ittiham edir!

Nüvə silahının yayılmaması haqqında müqaviləni pozmaqda...

ABŞ və bir sıra NATO üzvü ölkələr nüvə silahının yayılmaması haqqında Müqaviləni (NSYM) pozur. Bu fikri NSYM-nin tətbiqinə baxılması barədə Nyu-Yorkda keçirilən konfransda Rusiya Xarici İşlər Nazirliyi (XİN) silahlara nəzarət və onların yayılmaması məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov səsləndirib («İnterfaks»).

Rusiya rəsmisinin sözlərinə görə, pozuntular Şimali Atlantika alyansı dövlətlərinin necə deyərlər, «birgə nüvə missiyası» çərçivəsində baş verir: «NSYM-nin birinci maddəsinə görə, nüvə dövlətləri nüvə silahını və onlar üzərində nəzarəti kimliyindən asılı olmayaraq, ikinci-üçüncü tərəfə - birbaşa və ya dolayısı ilə - verməmək barədə öhdəlik götürüblər. Öz növbəsində, qeyri-nüvə dövlətləri də müqavilənin ikinci maddəsi ilə heç kimdən nüvə silahını və ya onlar üzərində nəzarəti - birbaşa və ya dolayısı ilə - qəbul etməmək barədə öhdəlik götürüblər...»

Ulyanov qeyd edib ki, indiki halda müqavilənin hər iki maddəsinin şərtləri pozulur. Belə ki, alyansın üzvü olan qeyri-nüvə dövlətlərinin hərbçiləri nüvə silahının tətbiqi sahəsində vərdişlərə öyrədilir: «ABŞ və NATO üzvü olan dövlətləri - hansına ki, aidiyyatı var - NSYM-nin şərtlərinə əməl olunmasını təmin etməyə çağırırıq. Onlar tərəfindən pozuntulara son qoyulması nüvə silahının yayılmaması rejiminin möhkəmləndirilməsinə ən böyük töhvə olardı...»

Xatırladırıq ki, nüvə silahının yayılmaması barədə Müqavilə 1968-ci ildə imzalanıb, SSRİ, ABŞ, Böyük Britaniya və 40 digər dövlət tərəfindən ratifikasiya olunduqdan sonra, 1970-ci ildə qüvvəyə minib. Digər iki nüvə dövləti (Fransa və ÇİN) isə müqaviləyə 1992-ci ildə qoşulub. Bu gün İsrail, Hindistan və Pakistan, həmçinin bu yaxınlarda yaranmış Cənubi Sudan NSYM-nin üzvü deyil. Koreya Xalq Demokratik Respublikası müqaviləni ratifikasiya etsə də, sonradan öz imzasını geri «çağırıb».

Bu müqavilə üzrə razılaşma rəsmi nüvə dövlətlərinin siyahısını nüvə silahını 1 yanvar 1967-ci ilə qədərki dövrdə istehsal etmiş və sınaqdan keçirmiş dövlətlərlə məhdudlaşdırır. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beşlikdir - ABŞ, SSSR/Rusiya, ÇXR, Fransa, Böyük Britaniya. Məhz bu ölkələr nüvə silahını və ya onun üzərində operativ nəzarəti, həmçinin nüvə silahı istehsalının texnologiyalarını digərinə verməmək barədə öhdəlik götürüb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol