Menu

Ollandın Qarabağ missiyası: prezidentlərin görüşünü hazırlanır

29.04.2015, 21:34
Ollandın Qarabağ missiyası: prezidentlərin görüşünü hazırlanır

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşür.Virtualaz.org saytı xəbər verir ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə özünün Twitter mikrobloqunda yazıb.

“Bu gün və sabah Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə Qarabağ münaqişəsinin nizamlanmasına yönələn addımların müzakirəsi üçün Parisdə görüşəcəyik”- deyə C.Uorlikin qeydində bildirilir.

Ermənistan XİN-in yaydığı məlumata əsasən xarici işlər naziri Edvard Nalbəndyan Parisdə işgüzar səfərdədir və həmsədrlərlə ayrıca görüş keçirəcək. Sabah isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşü planlaşdırılır.

Həmsədrlər Ceyms Uorlik, Pyer Andri və İqor Popov Ermənistan xarici işlər naziri ilə fevralda görüşüb. Nazirlərin vasitəçilərlə Parisdə görüşə yollanması Fransa prezidenti Fransua Ollandın aprelin 24-də və 25-də İrəvana və Bakıya etdiyi səfərlərdən sonra baş verir.

Bu səfər zamanı Olland İrəvanda Ermənistan prezidenti Serj Sərkisyan və Rusiya prezidenti Vladimir Putinlə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Fransanın dövlət başçısının Bakıda prezident İlham Əliyevlə görüşündə əsas müzakirə mövzularından biri də Qarabağ məsələsi olub.

Belə görünür ki, Fransua Olland İrəvanda və Bakıda danışıqlar prosesinin bərpasına dair razılıq əldə edə bilib. Bu razılıq əsasında nazirlərə həmsədrlərlə birgə işləyərək prezidentlərin görüşünü təşkil etmək tapşırığı verilib.

Fransua Olland ötən ilin noyabrında təmas xəttində şiddətli döyüşlərin getdiyi bir vaxtda Parisdə İlham Əliyevlə Serj Sərkisyanın görüşünü təşkil etmişdi. Yelisey sarayındakı mənbələr bildirmişdi ki, prezidentlərin görüşü çox konstruktiv keçib. Tərəflər qarşılıqlı etimadın möhkəmlənməsinə imkan yaratmaq üçün təmas xəttində gərginliyi azaltmaq haqda razılığa gəliblər.

Lakin Paris görüşündən cəmi iki həftə sonra Ermənistan ordusunun bütün şəxsi heyəti və texnikası işğal altındakı Azərbaycan ərazilərində təlimlərə başladı. Nəticədə Paris gorüşündə əldə edilmiş razılaşmalar pozuldu və danışıqlar prosesi yenidən dayandı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol